Seymur Həzi həbsxanada cəzalandırılıb

Həbsdə olan jurnalist  Seymur Həzi saxlandığı təcridxanada cəzalandırılıb. Maide.az xəbər verir ki, vəkil Adil İsmayılovun AzadlıqRadiosuna bildirdiyinə görə, jurnalist bir neçə günlük karserə salınıb:
 
«Yanvarın 15-də atası Seymur üçün sovqat aparıb. Sovqatı qəbul etməyiblər. Səbəbini soruşanda deyiblər ki, karserdə olduğuna görədir. Məndə də səbəblər haqda dəqiq məlumat yoxdur. Sabah təcridxanaya gedib aydınlaşdıracağam».
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən Seymur Həzinin karserə salınması ilə bağlı məlumata münasibət bildirmədilər:
 
«Bu haqda məlumatımız yoxdur. İkinci məsələ ordadadır ki, bizim kiminsə karserə salınıb- salınmaması haqda məlumatı yaymağa ixtiyarımız yoxdur. Yalnız ciddi məsələ olanda özümüz bununla bağlı açıqlama yayırıq».
 
Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.
 
Müdafiə tərəfi məsələnin siyasi sifariş olduğunu deyir.
 
Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını deyirlər.
 
Seymur Həzinin məhkəməsi davam edir. Sonuncu proses yanvarın 13-də keçirilmişdi.
 
Seymur Həzi «Azadlıq» qəzeti, «Azərbaycan saatı» televiziya proqramının əməkdaşı və AXCP-nin üzvüdür.

Google+ WhatsApp ok.ru