Seymur Həziyə qarşı təxribat törədən şəxs məhkəməyə niyə gətirilmir?

Prokuror “Azadlıq”ın əməkdaşı barədə məhkəmə hökmünün qüvvədə saxlanılmasını istədi

Adil İsmayılov: “Məhkəmə özünə, öz qərarlarına hörmət eləsin…”
 
Bu gün Sümqayıt Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri və “Azərbaycan saatı” televiziya proqramıının aparıcısı Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin hökmündən verilmiş şikayət üzrə məhkəmə iclası keçirilib.
 
Bu iş üzrə ötən məhkəmə iclasında Nazim Mövsümovun sədrlik etdiyi hakimlər heyəti vəkil Adil İsmayılovun vəsatətini təmin edərək, Seymur Həzi ilə dalaşmış Məhərrəm Həsənovun məhkəməyə çağırılıb dindirilməsinə qərar vermişdi. Qeyd edək ki, Məhərrəm Həsənova 6 ay həbs cəzası verilmişdi və o, bir neçə ay əvvəl azadlığa çıxıb.
 
Dünənki iclasda məlum olub ki, qərara və məhkəmənin yeri, vaxtı barədə xəbər verilməsinə baxmayaraq, Məhərrəm Həsənov məhkəməyə gəlməyib.
 
Məhkəmə iclasının əvvəlində bu məsələ müzakirəyə çıxarılıb və prokuror bildirib ki, Məhərrəm Həsənovun dindirilməsinə zərurət yoxdur və proses davam etdirilə bilər.
 
Vəkil Adil İsmayılov isə buna etiraz edib. Müdafiəçi eyni zamanda, məhkəməni öz qərarına hörmətlə yanaşmağa çağırıb: “Ötən iclasda Məhərrəm Həsənovun məhkəməyə çağırılması barədə vəsatətimiz təmin olunub. Təmin olunubsa, deməli, gətirilməlidir”.
 
Seymur Həzi də müdafiəçisinin mövqeyini dəstəkləyib.
 
Lakin məhkəmə prosesin Məhərrəm Həsənov dindirilmədən davam etdirilməsinə qərar verib.
 
“Məhərrəm Həsənov hökmdən şikayət verməyib. Ona görə də bu məhkəmədə iştirak etmək onun hüququdur, vəzifəsi deyil. Yəni istəsə, iştirak edə bilər, istəməsə yox. Ona görə də hesab edirik ki, məhkəmə baxışı onun iştirakı olmadan davam etdirilməlidir”, – deyə hakim Nazim Mövsümov bildirib.
 
Adil İsmayılov buna etiraz edib: “Biz vəsatəti verəndə də siz bilirdiniz ki, bu məhkəmədə iştirak onun hüququdur, vəzifəsi deyil. Amma vəsatəti təmin etdiniz. Hətta bildirdiniz ki, vəsatətin qalan hissəsi Məhərrəm Həsənov dindiriləndən sonra müzakirə olunacaq. Biz də iki ay gözlədik ki, siz Məhərrəm Həsənovu gətirib dindirəcəksiz. Yadınızdadırsa, iyulun 28-də keçirilən ötən islacda siz məhkəmənin sentyabrın 22-nə qədər təxirə salındığını elan edəndə Seymur Həzi iki aylıq fasiləyə etirazını bildirdi. İndi iki aydan sonra gəlmişik, deyirsiniz ki, onu gətirmirik. Məhkəmə həm özünə, həm də qərarlarına hörmət eləməlidir. Məhərrəm Həsənovun məcburi gətirilib dindirilməsi üçün tədbir görə bilərsiniz. Gətirmirsinizsə, heç olmasa, vəsatətin qalan hissəsini müzakirə eləyin”.
 
Hakim bildirib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığına görə məcburi gətirilmə ola bilməz. Amma müdafiə tərəfi onun məcburi gətirilməsini istəyirsə, prosesin tam və ya qismən istintaq aparılmaqla keçirilməsi barədə vəsatət verə bilərdi, baxılardı.
 
Bunu ardınca Adil İsmayılov məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb. Hakim bildirib ki, prosesin məhkəmə istintaqı aparılmadan keçirilmasi barədə ilkin baxış iclasının qüvvəyə minmiş qərarı var.
 
Adil İsmayılov məhkəmənin bu cür yanaşmasına etirazını bildirib: “Bir tərəfdən deyirsiniz ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparlmaqla baxılması barədə təkrar vəsatət qaldırmaq hüququnuz var, digər tərəfdən deyirsiniz ki, artıq bu məsələ ilə bağlı qüvvəyə minmiş qərar var. Onda niyə gəlmişik biz bura? Son vaxtlar məhkəmələrdə qəribə vəziyyət yaranıb. İşə belə baxacaqsınızsa, daha niyə gəlirik, elə birdəfəlik qərarı elan edin, bitsin”.
 
Daha sonra hakim məhkəmə prosesində çıxışlar mərhələsinin başlandığını elan edib. Prokuror çıxış edərək, apellyasiya şikayətinin təmin olunmamasını, Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsi barədə Abşeron Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.
 
Adil İsmayılov prokurorun çıxışındakı bir sıra məqamlara etirazını bildirib: “Prokurorun bu cür çıxışı açığı, mənim üçün gözlənilməz oldu. Prokuror çıxışında ittihamdan çox kənara çıxdı. Guya, Seymur Həzi küçədə kimlərəsə narahatlıq yaradıb və s. İşdə belə şey yoxdur. Prokuror burada bizə hüquq dərsi keçmək istəyir ki, xuliqanlıq cinayəti nədi, 221-ci maddə nədi. Biz bunları gözəl bilirik. Prokuror deyir ki, Seymur Həzinin cinayəti müxtəlif sübutlar, ifadələrlə, o cümlədən onun öz ifadəsilə sübuta yetirilib. Mən bilmirəm bunu haradan götürüb deyir, amma o məhkəmə prosesində mən iştirak eləmişəm, Seymurun cinayətini sübuta yetirən bircə dənə də ifadə olmayıb”.
 
Vəkil çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib: “Məhkəmənin belə sürətlə yekunlaşacağını gözləmirdim. Ona görə də çıxışa hazır deyiləm. Biz Seymur Həzi ilə görüşüb, müəyyən məsələləri müzakirə eləməliyik”.
 
Məhkəmə sentyabrın 29-na qədər təxirə salınıb.
 
Xatırladaq ki, Seymur Həzi ötən il avqustun 29-da xuliqanlıq ittihamı ilə həbs olunub. Həmin gün o, Ceyranbatan qəsəbəsində yerləşən evindən işə gələrkən qəsəbənin girişindəki dayanacağın yaxınlığında Məhərrəm Həsənov ona yaxınlaşaraq, təxribata çəkib. O, Seymur Həziyə “facebook”da yazdığı məktubuna niyə cavab vermədiyini irad tutub. Seymur da öz növbəsində bunu məktubu görməməsilə izah edib. Ardınca Məhərrəm Həsənov Seymur Həziyə sifət nahiyəsindən zərbə vurub. Seymur da özünü müdafiə məqsədilə əlindəki butılka ilə onu vurub.
 
Bu ilin yanvarında Abşeron Rayon Məhkəməsinin hökmü ilə Seymur Həzi 5 il azadlıqdan məhrum edilib.

Google+ WhatsApp ok.ru