İstefa verən müstəntiqi yoxlayırlar

Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifədən istefa verdiyi barədə siyasi bəyanatla ölkə gündəmini zəbt edən Rüfət Səfərovla bağlı yeni xəbər var (O, məşhur YAP-çı, “91-lər”in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi olmuş Eldar Sabiroğlunun oğludur). Hüquq-mühafizə orqanlarına yaxın mənbədən redaksiyamıza daxil olan məlumata görə, Respublika Prokurorluğu R.Səfərovun müstəntiq kimi fəaliyyətini araşdırmaq üçün komissiya yaradıb, Zərdaba göndərir.
 
Məlumatı R.Səfərovun özü də təsdiqləyib. O, qəzetimizə açıqlamasında deyib ki, fəaliyyətini yoxlamaq üçün mərkəzdən komissiya gələcəyi haqda rayon prokuroru onu xəbərdar edib.
 
“Hazırda xəstəyəm, buna baxmayaraq iş otağımdayam. Bir az əvvəl rayon prokuroru qəbuluna çağırdı və bildirdi ki, Respublika Prokurorluğundan mənim işimi yoxlamağa komissiya göndərirlər. Mən də soyuqqanlı şəkildə dedim ki, xoş gəlirlər. Mən istefa ərizəmi yazıb, Baş Prokurorluğa göndərmişəm. Yəqin ki, bunlar məni öz ərizəmlə istefaya göndərməyəcəklər, nəsə “aşkarlayıb” prokurorluq orqanlarından xaric edəcəklər. Amma bu heç nəyi dəyişmir. Mən fikrimdə qətiyəm”, – deyə R.Səfərov bildirib.
 
Rüfət Səfərov əlavə edib ki, prokurorluq orqanlarından istefası barədə ərizəsini bu gün Baş prokuror Zakir Qaralova ünvanlayacaq. Onun istefa qərarını fərqli tərəflərə çəkmək istəyənlər isə yanılırlar: “Bu qərarı qəbul etməyimdə heç kimin təsiri olmayıb. Qərarı şüurlu şəkildə özüm qəbul etmişəm, peşman da deyiləm. Yeniyetmə olsaydım, bəlkə də kimlərsə mənə təsir edə bilərdi. 34 yaşım var, ali təhsilliyəm və verdiyim qərarların fərqindəyəm. Cahil insan deyiləm ki, kimsə məni yoldan çıxarsın”.
 
Rüfət Səfərovun həyat yoldaşı Nuray Səfərova da "Azadlıq"a açıqlama verib. Bildirib ki, bu qərarına görə həyat yoldaşını dəstəkləyir və sonadək onun yanında olacağını bildirir: “Həyat yoldaşım haqq yoldadır. Əgər bu yoldan qorxub geri çəkilərsə, mən özüm onu tərk edərəm”.
 
Qeyd edək ki, R.Səfərov qəzetimizə ötən müsahibəsində həyat yoldaşının atasının Yevlax icra başçısının birinci müavini olduğunu bildirmiş və əlavə etmişdi ki, əgər qorxurlarsa, gəlib qızlarını apara bilərlər. Və xanımı da bu qərarla razı deyilsə, onu tərk edə bilər.
 
***
Rüfət Səfərov Azadlıq Radiosuna müsahibəsində isə baş prokuror Zakir Qaralovun 1 il əvvəl ona fəxri təşəkkür etdiyini xatırladıb: “Pis işçi olsaydım, 1 il əvvəl Qaralov mənə fəxri təşəkkür verməzdi. Fəaliyyətimdə nə icra, nə əmək intizamsızlığı olub. Bunu özləri də təsdiqləyə bilərlər. Sadəcə, fikirlərim, baxışlarım bu rejimlə üst-üstə düşmür. Haqsızlıqlara, özbaşınalıqlara artıq dözə bilmirəm”.
 
Səfərov atdığı addıma görə Zərdab rayon prokurorunun onu acıladığını da deyib. Bildirib ki, xəbər saytlarında və öz şəxsi Facebook səhifəsində yer alan bəyanatlarından sonra dekabrın 21-də səhər saatlarında ona bir neçə dəfə Zərdab rayon prokuroru zəng vurub və narazılığını bildirib:
 
– 3-4 dəfə zəng vurub, məni hərəkətlərimə görə qınayıb, deyib ki, «Baş Prokurorluqdan tələsdirirlər, deyirlər, harada qaldı bunun ərizəsi?». Mən də hazırda xəstəyəm, yüksək hərarətim var…
 
– Belə çıxır ki, siz hələ də baş prokurora istefa ərizənizi göndərməmisiniz?
– Xəstəyəm, hərarətim çox yüksəkdir, bir azdan özümə gəlib göndərəcəyəm. Uzağı, günortaya qədər göndərəcəyəm…
 
– Baş Prokurorluqda dünəndən yaydığınız bəyanatları neçə qarşılayıblar?
– Təbii ki, qınayırlar. Zərdabın prokuroru telefonda dedi ki, «sən prokurorluq orqanına ləkəsən». Hesab edirəm ki, düz də deyir.
 
– Sizə Zərdabın prokurorundan başqa zəng vuran olub?
– Yox, olmayıb. Heç gözləmirəm də… Zəng vurub nə deyəcəklər ki?.. Gözlədikləri 3-4 cümləlik ərizədir, bir azdan faksla göndərəcəyəm.
 
– İki gündür sosial şəbəkələr sizin addımınızdan, bəyanatlarınızdan yazır. Ailənizin, atanızın münasibəti necə oldu buna? 
– Dünəndən nəinki atamla, ümumiyyətlə, şəcərəmdə olan heç kəslə ünsiyyətim, əlaqəm yoxdur. Atamın öz yolu var, o, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Heydər Əliyevin misilsiz əsgərlərindəndir. Mən onun mövqeyinə qarışmıram. Ancaq ondan tələbim də budur ki, o da mənim mövqeyimə hörmətlə yanaşsın.
 
– Bundan sonrakı fəaliyyətiniz maraqlıdır…
– Bilmirəm niyə belədir, ya cəmiyyətdə maarifləndirmənin aşağı olmasındandır, ya başqa səbəbdəndir, kim öz sözünü deyirsə, deyirlər, görəsən hansı müxalifət partiyasına üzv olacaq?.. Axı niyə mütləq hansısa partiyaya üzv olmalıyam? Mən öz fikirlərimdə müxalifətdəyəm. Gərək elə kiminsə partiyasına üzv olam? Hələ ki, sərbəst, heç bir partiyanın üzvü olmadan öz fikirlərimlə, düşüncələrimlə bu rejimə qarşıyam. Sonrası necə olacaq, hansısa partiyaya üzv olacağam, ya yox, bunu zaman göstərər.
 
– İndiyə kimi hansısa partiyanın üzvü olmuşdunuzmu?
– Kənd Təsərrüfatı Nazirliyində işləyəndə, orada YAP-ın bir özəl təşkilatı yaradılmışdı. Mən də həmişə bildirirdim ki, dövlət təşkilatında hər hansı siyasi partiyanın özəyinin yaradılması biabırçılıqdır. O təşkilatın bir sədri vardı, mən oradan işdən çıxınca baş beynimi aparmışdı ki, «gəl keç partiyaya». Sona qədər də imtina etdim. Prokurorluqda işlədiyim 5 ildə də partiya üzvü ola bilməzdim, çünki prokurorluq orqanlarında fəaliyyət göstərən şəxslər siyasi fəaliyyətlə məşğul ola bilməzlər.

Google+ WhatsApp ok.ru