Suriyadan qayıtmış 29 İŞİD-çi azərbaycanlı həbs edilib

Suriyada terrorçu hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edilmiş 29 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi dövlət təhlükəsizliyi ilə bağlı illik hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, son dövrlər Azərbaycan respublikası vətəndaşlarının radikal ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə halları məsələyə yeni yanaşmanı, belə neqativ təzahürlərə və ümumilikdə terrorçuluqla mübarizəni daha da kəsərli aparılmasını zəruri edib.
Belə ki, hesabat ili ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edilmiş 29 nəfər, Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olan 2 nəfər, insan oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən və qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə edərək saxlayan, radikal yönümlü daha 3 nəfərAzərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.
Bundan başqa, Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror təxribat xarakterli cinayətlər törətmək niyyətində olan radikal ekstremist qruplaşmanın 3 üzvü həbs edilməklə, barələrində Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq istintaq aparılır./

Google+ WhatsApp ok.ru