Taleh Xasməmmədov Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov cərimə kamerasından (kars) çıxarılıb və Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Bu barədə Siyasi Məhbuslarsız Azərbaycan Alyansının rəhbəri Oqtay Gülalıyev məlumat yayıb.
 
Taleh Xasməmmədov Göyçay-Ucar regionu icra hakimiyyəti tərəfindən yol verilən hüquq pozuntuları və korrupsiya hallarını ifşa etməsi ilə tanınır. Bir neçə dəfə ona hədə-qorxu gələrək öz yazılarının dərcinə son qoymasını tələb ediblər. 2015-ci ildə hüquq müdafiəçisi xuliqanlıqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Həyat yoldaşı Fəxriyyə Xasməmmədovanın mediada Taleh Xasməmmədovun səhhətində yaranmış problemlərlə bağlı müraciətindən sonra 17 saylı koloniyada cəza çəkən hüquq müdafiəçisi fevralın 12-də 15 sutkalığa cərimə kamerasına (karser) salınmışdı. O, kamera yoldaşı ilə dalaşmaqda ittiham olunurdu.
 
“Bu, doğru deyil. Taleh xaraktercə sakit adamdır. Digər tərəfdən, o, çox xəstədir və bir kimsə ilə dalaşmaq iqtidarında deyil. Xəstə adamı karserə salmaq olar? Onun həbsini kim sifariş edibsə o da həbsdə qalması üçün hər şeyi edir. Bir həftə öncə Taleh mənimlə telefon söhbətində bildirdi ki, koloniyada ona təzyiq göstərilir”, deyə Xasməmmədovun anası bildirmişdi.
 
Ailəsi bildirir ki, Taleh Xasməmmədov güclü sinir ağrıları, halsızlıq, revmatizmlə yanaşı, qanın zəhərlənməsi və qıcolmadan əziyyət çəkir. Hüquq müdafiəçisi həbsindən öncə xəstəliyi ilə bağlı 2 dəfə xarici ölkədə olub və müayinə olunub. Onun əməliyyat olunmasına ehtiyac var.

Google+ WhatsApp ok.ru