Televiziya kanalı rəhbərinin həbsinin təfərrüatları

Televiziya kanalı rəhbərinin həbsinin təfərrüatları

Mayın 2-də səhər saatlarında "Kanal 13" internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Qaraşoğlu saxlanılıb. "Kanal 13" TV-nin rəhbəri Anar Orucovun yaydığı məlumata görə, Əziz Qaraşoğlu ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Qaraşoğlu isə Nəsimi rayon Məhkəməsinə aparılıb.
 
Meydan TV-yə məlumat verən vəkili Elçin Sadıqov bildirib ki, Əziz Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci Polis işçisinin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, 30 sutka azadlıqdan məhrum edilib. Amma o, özünü bu maddə ilə təqsirli bilmir. Vəkil Ə.Orucovun jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.
 
"Onu polisə müqavimət göstərməkdə suçlayırlar. Guya Əziz Qaraşoğlu 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşar olduğundan polisə aparılıb. Ancaq həmin şəxsin şəklini bizə göstərdilər, o, heç də Əziz Qaraşoğluna oxşamırdı. Bu da onu göstərir ki, iş quramadır. Biz apelyasiya şikayətimizdə bütün bunları qeyd edəcəyik”.
 
Vəkil Əziz Qaraşoğlunun özünü təqsirli saymadığını söyləyib:
“Əsas məqsəd Faiq Cabbarovun adından istifadə edib onu saxlamaq idi. Çünki onun axtarılan şəxs olmadığı məlum olduqda azadlığa buraxılmalı idi. Bu olay ifadə azadlığına basqıdır".
 
“Kanal 13” internet televiziyası 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır.
 
"Kanal 13" saytında bildirir ki, özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatlarının nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır. (meydantv)

 

Google+ WhatsApp ok.ru