Uşaq qatilinə çevrilən səhiyyəmiz

Uşaq qatilinə çevrilən səhiyyəmiz

Bugünümüz və sabahımız necə məhv edilir?
 
Bugünə qədər Azərbaycan səhiyyəsi haqqında çox yazılıb, çox danışılıb. Amma digər sahələrdə olduğu kimi bu sahədəki  dəhşətli vəziyyətin də qarşısı alınmır. Hökumət büdcədən milyonlar silmək hesabına dəbdəbəli xəstəxanaların tikilməsiylə işini bitmiş hesab edir. Əsas odur ki, bu dəbdəbəli xəstəxanalarda xəstənin cibləri boşaldılsın, apteklərdə şıdırğı alver getsin və oliqarxların cibi dolsun. Insan həyatı o qədər də önəmli deyil və xəstəliklərin artması hökuməti qətiyyən narahat etmir.
 
Son günlər isə səhiyyəmiz Əzrayılın missiyasını tamamilə öz üzərinə götürüb. Hər gün həkim səhlənkarlığının, acgözlüyün, səriştəsizliyin aldığı canların şahidi oluruq. Statistik rəqəmlər də göstərir ki, ölkədə uşaq ölümü xüsusi yer tutur və uşaq ölümlərinin sayı sürətlə artır. Son olaraq dəhşətli hadisə Salyan rayonun da baş vermişdi. Dünyaya gələn üçəmlərdən ikisi elektirik enerjisinin kəsilməsinə görə dünyasını dəyişmişdi. Hansıki, xəstəxanalarda mütləq generator olmalıdır və bu hadisə onu göstərdi ki, generator ya xarab olub, ya da başqa məqsədlər üçün istifadə olunur. Üçəmlərdən sonuncusu isə Bakı şəhərində dünyasını dəyişdi. Bəli, üç körpə həyatını itirdi. Səhiyyənin səhhətindəki problem üç körpənin ölümü ilə nəticələndi.
 
 
Amma statistik rəqəmlər daha dəhşətli reallıqdan xəbər verir. Rəsmi məlumata görə, 2015-ci ildə 1 yaşa qədər ölən uşaqların sayı əvvəlki ilə nisbətən 23% artıb. Oğlan uşaqları arasında ölənlərin sayı daha çox artıb – 25%. Qız uşaqları arasında ölüm 20% artıb. Həm də ölüm halları   doğumun azaldığı şəraitdə baş verir. 2014-cü ildə 170.5 min, 2015-ci ildə 166.2 min körpə dünyaya gəlib. Deməli, doğuşların sayı azalıb, doğulanların 25 faizi isə 1 yaşına çatmamış həyatını itirib.
 
Bu olduqca təhlükəli tendensiyadır və hökumət üçün bir nömrəli prioritet olmalıdır. Faktiki olaraq ölkənin bugünü və sabahı məhv edilir. Bu körpələr ölkənin sabahıdır və ölüm faizinin bu qədər yüksək olması təsadüfi deyil.
 
Əlbəttə ki, bu ölümlərin əsas səbəbi ölkədəki qanunsuzluq, cəzasızlıq, korrupsiya, insan amilinin dəyərsizləşməsidir. Bəli, bir çox ailələr üçün Azərbaycan səhiyyəsi əlçatmazdır. Çünki, özəl xəstəxanalar kimi dövlət xəstəxanaları da pullu fəaliyyət göstərir. Xəstənin analizləri, dərmanları, həkimin pulu, minimum əməkhaqqından 5-10 dəfə baha qiymətə gəlir.  Valideyn pulsuzluq səbəbindən övladını normal müalicə etdirə bilmir.
 
Digər səbəb savadlı kadrların azlığıdır. Bir ölkədəki təhsil rüşvət yuvasına çevrilib, bir ölkədə ki, pul müqabilində diplom almaq, həkim olmaq mümkündür, o ölkədə təbii ki, insanların sağlamlığı təhdid altındadır. Yanlış diaqnozlar, səhv müalicə, pul naminə sağlam adamı xəstələndirmək halları ölkədə geniş yayılıb.
 
Başqa bir səbəb dərmanların bahalı və keyfiyyətsiz olmasıdır. Dərmanı ucuz almaq üçün tərkibi dəyişidirilir və xəstə uzun müddət dərman qəbul etsə də effektin görmür. Bu isə dövləti cinayətdir və bu işlə məşğul olanlar ən ağır cəzaya məhkum edilməlidir.
 
Statistik məlumatlar göstərir ki, ölkəyə idxal edilən dərmanın təxminən yarısını Səhiyyə Nzirliyi alır. Deməli, bu dərmanlar xəstəyə pulsuz verilməlidir və ölkədəki xəstələrin yarısı da bu pulsuz dərmanlardan istifadə edə bilməlidir.
 
Səhiyyənin bu qədər iflic vəziyyətdə olması ölkə vətəndaşını yerli səhiyyədən uzaqlaşdırır və hər il on milyonlarla vəsait ölkə xaricinə axır. Deməli, səhiyyənin bu vəziyyəti ölkə iqtisadiyyatını, büdcəni də təhdid edir.
 
Əlbəttə, yüksək vəzifəlilər öz sağlamlığını ölkə səhiyyəsinə etibar etmir. Onların külli miqdarda pulu olduğu üçün Avropa ölkələrində müayinə və müalicə olunurlar. Deməli, səhiyyənin qurbanına çevrilən sadə vətəndaşdır. Faktiki olaraq səhiyyə vətəndaşın qatilinə çevrilib. Bu qətliamda uşaqların daha çox qurbana çevrilməsi isə ölkənin gələcəyinin, genefondun məhv edilməsidir.
 
Yuxarıda göstərdiyimiz səbəblər hamıya məlumdur və hökumətin iradəsi olsa bu problemi həll edə bilər. Amma görünən budur ki, səhiyyənin uşaq qatilinə çevrilməsi, “böyüklər”i narahat etmir. Çünki, səhiyyənin belə vəziyyəti xeyli adamın cibini böyüdür. /
 
azadliq.info

Google+ WhatsApp ok.ru