Vəkil: “Leyla Yunus özünü yaxşı hiss etmir”

Həbsdə olan politoloq Arif Yunus, səhhətində problemlər yarandığından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
 
Vəkil Elçin Sadıqov bildirib ki, Arif Yunus hipertoniya xəstəliyinin 3-cü ağırlıq dərəcəsindən əziyyət çəkir və təzyiqi 200 dərəcədən aşağı enmir. Politoloqu müayinə edən Almaniyalı həkim bu barədə rəy verib, vəkil qeyd edib.
 
“Arif Yunusun neçə gün müalicə müəssəsində qalacağı məlum deyil”, cənab Sadıqov BBC Azərbaycancaya deyib.
 
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla da görüşən vəkil bildirib ki, o da “özünü yaxşı hiss etmir, ağrıları davam edir”.
 
Cənab Sadıqovun sözlərinə görə, Leyla Yunus həyat yoldaşı Arif Yunusun səhhəti ilə bağlı problemləri eşidəndə çox pis olub.
 
Bu ilin avqustunda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların apellyasiya məhkəməsi baş tutub. Məhkəmə Yunuslar barəsindəki cinayət işini tədqiq edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərib.
 
Elçin Sadıqov deyib ki, birinci instansiya məhkəməsinin protokollarla bağlı qərarı hələ də vəkillərə təqdim olunmayıb.
 
Leyla və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
 
Sabah Leyla və Arif Yunusların işi üzrə apellyasiya şikayətinə ilkin baxış iclası baş tutacaq və prosesdə vəsatətlər müzakirə olunacaq.
 
Beynəlxalq təşkilatlar onların hər ikisinin həbsini siyasi motivli sayır.
 
Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.

Google+ WhatsApp ok.ru