Vəkil: Gözəl Bayramlının ağrıları var

Vəkil: Gözəl Bayramlının ağrıları var

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlının səhhətində ciddi problemlər yarandığı bildirilir.
 
Bu haqda AzadlıqRadiosuna siyasətçi ilə iyunun 21-də təcridxanada görüşən vəkili Elçin Sadıqov məlumat verib.
 
Vəkil G.Bayramlının həbs edilənədək müalicə aldığını vurğulayıb:
"O, çənə oynaqlarında çürümə diaqnozu ilə müalicə olunurdu. Müalicə alması mütləq şərtdir. Digər xəstəliklərdən də əziyyət çəkir və qanında da xeyli neqativ hallar aşkarlanıb. Buna baxmayaraq, ona ciddi tibbi yardım göstərilməyib".
 
Vəkil hesab edir ki, G.Bayramlının kamerada hərəkətsiz qalmağa məcbur olması səhhətində xüsusilə ciddi problemlər yaradıb.
 
"Bununla yanaşı, ruhi baxımdan möhkəmdir. Amma, çənə oynaqlarındakı ağrılardan, baş ağrısından, ağır revmatizmdən əziyyət çəkir", - deyə o qeyd edib.
 
Vəkil artıq əlaqəli qurumlara G.Bayramlının müalicə və müayinə olunmasından ötrü müraciət göndərdiklərini bildirib.
 
Vəkilin açıqlamasına hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.(azadliq.org) 

Google+ WhatsApp ok.ru