Xədicə İsmayılova məhkəməyə gətirilmədi, proses təxirə salındı

Xədicə İsmayılova məhkəməyə gətirilməyib. Onun hüquqlarını müdafiə edən Yalçın İmanov buna etiraz edib.
 
Elman Türkoğlu da nümayəndəsi gəlmədiyi üçün məhkəmənin təxirə salınmasını istəyib. Məhkəmə avqustun 26-da saat 11-də davam edəcək. Xədicə İsmayılovanın vəkilləri işin istintaqla aparılmasını tələb edirlər.
 
*   *   *12:02
 
Bu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayılın şikayətinə baxılır.
 
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bu ilin fevralında məhkəmənin qərarı ilə jurnalist 2500 manat cərimələnib. Buna səbəb Elman Türkoğlunun Xədicə İsmayılı onun haqqında iki sənəd yaymaqda günahlandırmasıdır. Bu sənədlərin birində Elman Türkoğlunun gizli videogörüntülərlə şantaj olunaraq MTN-lə əməkdaşlığa cəlb edildiyi, digərində isə 1992-ci ildə zorlama cinayəti törətdiyi iddia olunur.
 
Xədicə İsmayıl ikinci sənədi yaymadığını, birinci sənədi isə Elman Türkoğlunun adını və onun şəxsiyyətini müəyyənləşdirə biləcək məlumatları sildikdən sonra yaydığını bildirib.
 
Məhkəmənin qərarından narazı qalan jurnalist şikayət verib.
 
Məhkəmədən öncə Elman Türkoğlu "Azadlıq" radiosuna deyib ki, Xədicə İsmayıl sənədləri ona təqdim edənin kimliyini açıqlasa, şikayətini geri götürəcək.
 
Xədicə İsmayıl ötən il dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib. Fevralın 13-də isə ona qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

Google+ WhatsApp ok.ru