Yunusların məhkəməsi yenə qapalı keçirilir - VİDEO

Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməsi davam edir.

Leyla və Arif Yunusların məhkəməsində şahid qismində Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov ifadə verib.
 
Məhkəmədən çıxanda sonra Sahib Məmmədov məhkəmədə gördüklərindən danışıb: «Arif oturub başını aşağı salmışdı. Leyla Yunus ayaqüstə idi, yemək gətirdiyini, Arif Yunusa yemək verilməsini tələb edirdi. Bəzi şeylər vermişdilər, ancaq, deyəsən, bəzilərini verməmişdilər. Leyla xanım da onun mübahisəsini edirdi. Leyla Yunus onu da dedi ki, dünən burda əslində onlara zorakılıq olub. Yəni, tibbi yardım bir məhkəmədə göstərilib». 
 
***
 
Məhkəmə binasının yaxınlığında təcili yardım maşını var. Dünənki prosesdə Arif Yunusun səhhəti pisləşmişdi, həkim briqadası çağırılmışdı. 
 
Polis məhkəmə binasını güclü mühafizə edir. Əraziyə yığışanları oradan uzaqlaşdırır. 
 
***
 
Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses bu gün də yarıqapalı vəziyyətdə davam etdirilib. 
 
Məhkəmədən əvvəl jurnalistlərin bir hissəsi məhkəmənin gözləmə zalına buraxılıb. Çoxu bayırda qalıb. Ancaq məhkəmə başlayanda, onlar da prosesin keçirildiyi zala buraxılmayıb. Sonradan bir neçə jurnalistə içəri keçməyə şərait yaradılıb. 

Google+ WhatsApp ok.ru