Əli Kərimlinin müavini Gözəl Bayramlının saxlanıldığı deyilir - YENİLƏNİB

Əli Kərimlinin müavini Gözəl Bayramlının saxlanıldığı deyilir - YENİLƏNİB

*** 14:07
 
Dövlət Sərhəd Xidməti Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb
 
Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb.
 
DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
 
"G. Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
 
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
 
İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilir.
 
 
*** 09:57
 
Mayın 25-i axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının saxlandığı bildirilir.
 
Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.
 
Əli Kərimlinin bildirməsinə görə, Gözəl Bayramlını Gürcüstandan qayıdarkən Qazax rayonunda Sınıq Körpü sərhəd keçid məntəqəsində saxlayıblar.
 
“İndicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl Bayramlının çantasına nəsə atıb (hələ, nə olduğu bilinmir- Ə.K) onu saxlayıblar”.
 
AXCP sədri hadisə ilə bağlı hakimiyyətə müraciət edib. O, qadin siyasətçinin şərlənməsinin pis nəticələr verə biləcəyini deyib:
“Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!”
 
Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. (azadlıqradiosu) / 

Google+ WhatsApp ok.ru