11 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə nazirinə məktub var

`Məscidi təmir etdirib başa çatdırılmasında bizə kömək etmələrini xahiş etsək də, müxtəlif bəhanələrlə heç bir tədbir görülməmişdir`

Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən bir qrup məhbus Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. Maide.az-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, müraciətin surəti Ombudsman Elmira Süleymanovaya, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazədəyə, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya və media orqanlarına göndərilib.
 
Müraciətdə deyilir:
 
Cənab nazir! Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı həm də tolerant bir respublikadır. Ölkəmizin əhalisinin 90 faizini müsəlmanlar təşkil etsə də, dövlət bütün dinlərə eyni münasibət göstərərək daim onların qayğısına qalır və onların ibadət etməsi, dini ayinlərinin keçirilməsi üçün lazımi şəraitlər yaradır.
 
Ancaq çox təəssüflər olsun ki, bu qayğılar illərdir 11 saylı cəzaçəkmə müəssisəsindən yan keçməkdədir. Həmin bu müəssisədə 1998-ci ildən o zamankı Pentensiar Xidmət rəhbərinin icazəsi ilə təməli qoyulmuş məscidin tikintisi yarımçıq qalmışdır.
 
Həmin bu müəssisədə 1200-ə yaxın məhbus var. Onların təxminən 400-450-ə yaxını ibadət əhlidir. Çox acınacaqlı haldır ki, həmin ibadət əhli üçün müəssisə tərəfindən heç bir tərəfdən hava girməyən cəmi 30-40 nəfərin ibadət edə biləcəyi bir yataq otağı ayrılıb. Bura məhkum dindarların daim əziyyət çəkib, layiqincə ibadət etmələrinə yaramayan bir yerdir.
 
Cənab nazir, yuxarıda qeyd etdiyimiz həmin yarımçıq qalmış məscidin dam örtüyü düzəldilib, qapı-pəncərəsi qoyulmalıdır. Ancaq dəfələrlə müəssisə rəhbərinə və lazımi orqanlara müraciət edərək, məscidi təmir etdirib başa çatdırılmasında bizə kömək etmələrini xahiş etsək də, müxtəlif bəhanələrlə heç bir tədbir görülməmişdir. Hətta bizim özümüzün də vəsaiti hesabına təmir olunmasını xahiş etsək də, icazə verilmir.
 
Nəzərinizə çatdırırıq ki, hazırda məhkumların islah olunmasında, etdiyi cinayətlərdən peşman olub, nəticə çıxarmaları və cəmiyyətə adaptasiya olmaları üçün dinin çox böyük rolu var. Çünki hər bir məhkum tövbə edərək ibadətə başladığı təqdirdə, hər bir şeyi olduğu kimi dərk edərək bütün pis əməllərdən çəkinir, mənəviyyatının, əxlaqının yüksəlməsinə çalışır, bu da onun islah olunmasına böyük təkan verir.
 
Və bütün bunların da öyrənilib həyata keçirilməsi üçün lazımi şərait lazımdır. Onun üçün Sizə müraciət etməkdə məqsədimiz ondan ibarətdir ki, müəssisədəki məscidin təmir olunub axıra çatdırılması üçün lazımi orqanlara göstəriş verib, bizə köməklik göstərəsiniz.”

Google+ WhatsApp ok.ru