2 il sonra məhkəmədə sığorta şirkətini `uddu`

“AtaSığorta” şirkəti ilə müştərisi arasında sığorta mübahisəsi 2 il sonra başa çatıb. Bakı Apellyasiya Məhkəməsi “AtaSığorta” şirkəti tərəfindən Qax rayon sakini Gülnarə Qadaşovanın avtomobilinə dəyən ziyanın ödənilməsi ilə bağlı qərar çıxarıb.

"Hər şey qanuni olsa da, sığorta ödənişi verilmədi"

Sığorta mübahisəsi ilə bağlı xanım sürücünün nümayəndəsi İlkin İbrahimov danışıb. Onun sözlərinə görə, 2013-cü ilin noyabr ayının 16-da Qax rayonunda avtomobil qəzası baş verib. 99 FK 127 nömrəli “Hyundai İX35” markalı avtomobilinin sahibi Gülnarə Qadaşova Qax –Qarağan yolunun 1-ci kilometrliyində qəzaya düşüb. Sürücü gecə saatlarında yolda qəfil qarşısına çıxan atı vurmamaq üçün avtomobili ağaca vurub. Avtomobil kreditlə alındığı üçün könüllü qaydada “AtaSığorta”da sığortalanıb.Həyəcanlı olan xanım sürücü sığortalı olduğunu unudub və dərhal 102 xidmətinə zəng vurub. Hadisə yerinə polis əməkdaşları gəlib və avtomobil DYP-nin cərimə meydançasına aparılıb. Növbəti gün saat 09:00-da DYP idarəsinə gələn zaman təhqiqatçı xanımdan sığortasının olması barədə sual verib. Yalnız bu zaman avtomobilinin könüllü sığortalı olduğu yadına düşüb. Zərərçəkən sürücü sonra sığorta şirkətinin qaynar xəttinə məlumat verilib və qəza komissarı 2 saat sonra hadisə yerinə gəlib. Qəza komissarı hadisə barədə nəyə görə gec məlumat verilməsini araşdırıb. Polis əməkdaşları qəzadan sonra avtomobilin cərimə meydançasına gətirildiyini deyiblər. Lakin sığorta şirkətinin əməkdaşı deyilənləri şübhə kimi qəbul edib və imtinaya əsas olduğunu fikirləşib. Sığorta ödənişini almaq üçün hər dəfə Bakıya gəlib-gedən xanım sürücüyə yalnız bir ay sonra bildirilib ki, hadisə barədə 13 saat 45 dəqiqə gec məlumat verdiyi üçün ziyan ödənilməyəcək. Halbuki sığortaçı tərəfindən imzalanan sığorta müqaviləsində ən geci 24 saat müddətinə sığorta şirkətinə məlumat verilməsi bəndi var.

“Nəsimi Rayon Məhkəməsi haqlı müştərinin hüquqlarını bərpa etmədi”

Sığorta şirkətinin qərarından narazı qalan Gülnarə Qadaşova məhkəməyə müraciət edib. Sığorta mübahisəsi Nəsimi Rayon Məhkəməsində araşdırılıb. 1 il 6 ay davam edən araşdırmadan sonra bu ilin may ayının 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Emin Mehdiyev sığorta şirkətinin xeyrinə qərar çıxarıb. Bu dövrdə isə avtomobili dollarla kredit aldığı üçün ödənişləri vaxtında qaytara bilməyib. Ödənişlərdə 5 aylıq gecikmə yaranıb. Lakin qərardan narazı qalan xanım sürücü apellyasiya şikayəti edib.

"Apellyasiya Məhkəməsi 4310 manat ödəniş haqda qərar çıxardı"

Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası isə işi araşdırandan sonra oktyabr ayının 19-da sığorta şirkətinin deyil, müştərinin haqlı olduğunu üzə çıxarıb. Belə ki, qətnaməyə əsasən məlum olub ki, müştəri həm polisə, həm də sığorta şirkətinə vaxtında məlumat verib. Lakin sığorta şirkəti ödənişdən imtina etsə də bununla bağlı araşdırma aparmaqda heç də maraqlı olmayıb. Bundan əlavə sığorta şirkəti vurulan ziyanın müəyyən etməyin mümkün olmadığı bildirib,amma bunu əsaslandırmayıb. İ. İbrahimovun sözlərinə görə, son nəticədə məhkəmənin qətnaməsinə əsasən “AtaSığorta” 300 manat azadolma məbləğini çıxmaq şərtilə ilə Gülnarə Qadaşovanın avtomobilinə dəyən ziyanın 4310 manatını ödəməlidir.

"AtaSığorta": "Ali Məhkəməyə müraciət edəcəyik"

“AtaSığorta” şirkəti sığorta mübahisəsi ilə bağlı şərh bildirmək istəməyib. Lakin şirkətin baş hüquqşünası Şəhriyar Əlizadə fins.az-a deyib ki, Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı Ali Məhkəməyə müraciət ediləcək.

Google+ WhatsApp ok.ru