8 milyonluq dələduzluq qalmaqalı ilə bağlı yeni təfərrüatlar

Elmira Axundova oğlu barəsində yazılanları əsassız adlandırsa da, şikayətçilər daha ilginc faktlar açıqlamaqda davam edir

Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundov mətbuatda özü barədə yazılan məqalələrlə bağlı açıqlama yayıb. Həbib Axundov bildirir ki, 8 milyonluq dələduzluq qalmaqalında zərərçəkən kimi tanındığı halda onunla bağlı mətbuata əsassız məlumatlar ötürülür:
 
“Artıq xeyli müddətdir bəzi saytlarda Milli Məclisin üzvü Elmira Axundova və mənim barəmdə yer alan şantaj və böhtan dolu yazılara dəfələrlə ”Deputatın oğlu ittihamlara cavab verdi", “Fərman Məmmədovun yazdıqları yalan, şantaj və böhtandır...” kimi yazılara ətraflı aydınlıq gətirmişəm. Hal-hazırda mənim də zərərçəkən kimi tanındığım işin hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını nəzərə alsaq,  mənə və ailəmə qarşı yönəlmiş heç bir əsası olmayan, mənim tərəfimdən dəfələrlə təkzib olunan məsələnin yenidən saytınızda dərc edilməsi başa düşülən deyil.
 
Qısaca bir daha xatırladıram ki, mən özüm də qeyd edilən işdə zərərçəkən kimi tanınmışam. Elnurun aldatdığı digər şəxslərin və o cümlədən mənim ərizəm əsasında bu dələduzu Azərbaycanın hüquq mühafizə orqanları axtarır, onun şəkili isə bütün polis bölmələrinin qarşısında asılıb. Hüquqmühafizə orqanlarına şikayət edənlər və zərərçəkmiş kimi tanınanlar sırasında isə Fərman Məmmədovun adı yoxdur.
 
Yeri gəlmişkən, Elmira Axundova və mənim barəmdə yalan və şantaj dolu yazıları dərc etdirdiyinə görə artıq Fərman Məmmədovla bağlı rəsmi qaydada məhkəməyə müraciət etmişəm. Mənim Fərman Məmmədova qarşı iddiam əsasında Binəqədi rayon məhkəməsində proses başlayır. Fərman Məmmədov bu cür şantaj və böhtan kampaniyası apardığına görə vicdanı və qanun qarşısında gec-tez cavab verəcək.
 
Məhz onunla bağlı məhkəməyə müraciət etməyimdən sonra eyni yazılar indi də Ziya Vəliyev adlı şəxsin adından saytlara göndərilir.
 
Bir maraqlı məqam da odur ki, o şəxslərdən bəzilərini ümumiyyətlə tanımıram. Ona görə də artıq dərəcədə xahiş edirəm bu qeyri-ciddi yazıları araşdırmadan öz saytınızda onlara yer verməyəsiniz. Fərman Məmmədovla bağlı məhkəmə prosesi yekunlaşdıqdan sonra tərəfimdən saytlara məlumat veriləcək".
 
Bu arada Istiqlal.az saytı Elvin Vəliyev adlı şəxsə istinadən 8 milyonluq dələduzluq qalmaqalına dair yeni məlumatlar yayıb. Elvin Vəliyev sayta müraciətində deyib ki, Həbib Axundovun dostu Elnur Ibrahimovla yaratmış olduqları maliyyə fırıldağı onu və onlarla başqa şəxsi aldadaraq külli miqdarda vəsait mənimsəyib. Nəticədə onun 202 min, Ziya Vəliyevin 205 min, Sabir Ağayevin 115 min, Şahin Məhərrəmovun 70 min, Fərman Məmmədovun isə 575 min məbləğində pulları əllərindən çıxıb: “Mən Vəliyev Elvin Elşad oğlu, millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun yaxın dostu və şəriki Elnur Ibrahimov tərəfindən aldadılan şəxslərdən biriyəm. Mən heç kimə şər və böhtan atmıram, sadəcə olaraq istintaqdan obyektiv araşdırma istəyirəm. Elnur Ibrahimov öz havadarlarına arxalanaraq mənə və onlarla şəxsə külli miqdarda zərər vurub. Elnur Ibrahimov Cinayyət Məcələsinin 178.3.2 maddəsiylə axtarışda olsa da hələ də onun barəsində beynəlxalq axtarış verilməyib. Hüquq mühafizə orqanları onun ölkə xaricinə, yəni Rusiyaya qaçdığını bildikləri halda bu barədə heç bir tədbir görmürlər. Hələ Elnur Ibrahimov ölkədə olan zaman mən Elnurla görüşüb pullarımı tələb etmək istəyəndə, Həbib Axundov Elnurun mənimlə görüşməsinə imkan yaratmırdı”.
 
E.Vəliyevin sözlərinə görə, E.Axundovanın oğlu H.Axundov özünün də 900 min manat zərər etdiyini bildirsə də, sonradan ortaya çıxan bir sıra faktlar fərqli mənzərə yaradıb: “Zaman keçdikcə mən Həbibin dəyəri yüz minlərlə ölçülən bahalı avtomobil kolleksiyasını, Axundovların bu yaxınlarda Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanında tikdirdiyi və dəyəri 5 milyon manatdan çox olan 6 mərtəbəli qeyri yaşayış obyektinin, Nərimanov rayonu Aşıq Alı küç 45 ünvanda yerləşən dəyəri 10 milyon manat civarında olan 5 mərtəbəli qeyri yaşayış obektini gördükdən sonra belə qənaətə gəldim ki, 3-4 il ərzində bunları necə əldə etmək olar? Deputat maaşıyla və gömrükdə işləyərək alınan 480 manat məvacibləmi? Son bir aya qədər Həbib Axundov gömrük orqanlarında işləyirdi. Onu da qeyd edim ki, hazırda bu işlə bağlı məsələ BŞBPI də araşdırılır və mən də həmin iş üzrə zərərçəkmiş kimi tanınıram". (Azadlıq)

Google+ WhatsApp ok.ru