`Şərab festivalı Cavad xanın ruhuna ehtiramsızlıq, şəhərin mənəvi və mədəni tarixinə ləkədir`

İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi məlumata görə, sentyabrın 30-dan oktyabrın 1-dək Gəncə şəhərində III Beynəlxalq Şərab Festivalı baş tutacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. 
Göründüyü kimi, bu artıq sayca III festivaldır. Və bu festival Azərbaycan mədəniyyətinin beşiyindən biri sayılan Gəncədə keçirilir. Məsələ ilə bağlı Maide.az-a açıqlama verən Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov bildirdi ki, "Gəncə mənəvi,milli dəyərləri ilə öyünməlidir. Dünyaya Gəncəni tarixi, mədəni, mənəvi şəxsiyyətləri, abidələri ilə tanıtmaq lazımdır. Şərab hoqqası bizə Sovetdən qalmadır. Sovetə qayıdış bizə lazımdırmı? Hazırkı şərab festivalını Cavad xanın ruhuna ehtiramsızlıq kimi dəyərləndirirəm".
 
Bu barədə danışan ilahiyyatçı-filosof Vüqar İsgəndərovun mövqeyi isə belə oldu: "Gəncə qədim və tarixi şəhərlərimizdən biridir. Gəncə Azərbaycanın ilk paytaxtı, mədəniyyət mərkəzlərindən hesab olunmaqla yanaşı həm də Nizami yurdu, Cavad Xan diyarı, İmam Hüseyn (ə) şəhəri kimi məşhurdur. 
 
Əlbəttə belə bir şəhərdə şərab festivalının keçirilməsi təqdirəlayiq hal kimi qəbul edilə bilməz. Xüsusən ona görə ki, belə festivallar şərabın genişmiqyaslı reklamı hesab edilir. İnkişaf etmiş ölkələrdə şərabın aşkar satışı, reklamı, hətta filmlərdə göstərilməsi belə qadağan olunumaqdadır. Nəzərə almaq lazımdır ki, böyük bayramlar kimi keçirilən bu festivalın təşkil edildiyi küçələrdən azyaşlı uşaqlar, məktəblilər ötüb keçirlər. Xatirimdədir, hətta ötən illərin birində bu festivalın sərgisi Nizami Gəncəvinin heykəlinin 10-15 metrliyində təşkil edilmişdi. Fikrimcə belə tədbirlər şəhərin mənəvi və mədəni tarixini ləkələyir."

Google+ WhatsApp ok.ru