İçərişəhər “Cümə” məscidinin dini icması məhərrəmin ilk ongünlüyü tədbirlərini ziyarətlə başladı - VİDEO

Məhərrəm-səfər əyyamı daxil olmuşdur. Bu dönəm dünyanın hər yerində yaşayan azadxah və vicdanlı insanların iradəvi kədəri yaşatdıqları dönəmdir.
 
Əhli-beyt (ə) sevərlər Vətəni olan Azərbaycanımızın hər bir guşəsində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimlərinin keçirilməsinə başlanmışdır. İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlərinə başlanğıc vermişdir. Bu məqsədlə icmanın yüzlərlə fəalı Məhərəmin birinci gecəsinin ilk saatlarında toplanaraq, Şüvəlandakı "Mir Mövsüm Ağa" ziyarətgahına yollanmışdır.
 
Ziyarətgahın həyətində toplaşan mömin və möminələr, İmam Hüseynin (ə) mübarək adını zikr edərək, müqəddəs ziyarətgaha daxil olublar. Burada İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu İmam Hüseyn (ə) aşiqləri qarşısında çıxış edib. Daha sonra ziyarətlər həyata keçirilib, ziyarət namazı qılınıb.
 
Yenidən ziyarətgahın həyətində toplanan İlahi Eşq Karvanının yolçuları burada cəmlə əzadarlıq ediblər."Əhli-Beyt (ə) aşiqləri" dini-yaradıcılıq qrupunun zakir və məddahları Kərbəla vaqiəsini təsvir edən, İmam Hüseynin (ə), Həzrət Əbülfəzl Abbasın (ə), Xanım Zeynəbin (s.ə) misilsiz qəhrəmanlığını və İlahi fədakarlığını tərənnüm edən növhə və mərsiyələr səsləndirmişlər. Yüzlərlə icma üzvünün cəmlə etdiyi sinəzənlik, məhərrəmin ilk gecəsinin mübarək ab-havasına özəl bir təravət qatmışdır.
 
Sonda dualar edilmiş, Qarabağımızın və Qüdsümüzün azadlığı, müşküllərin həlli, hər bir əməlimizin və aqibətimizn Hüseyni olması Uca Allahdan dilənmişdir. deyerler /

Google+ WhatsApp ok.ru