“Bizə deyilib ki, əfv olacaq”

Novella Cəfəroğlu: “Bir siyasi məhbusun belə həbsdə qalmasını istəmirəm”

Novruzda əfv gözlənilir. Siyasi məhbus və dustaq ailələri intizarla əfv fərmanı arzusundadır. İşçi Qrupunun üzvləri də əfv olacağını açıqlayıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, onlara qeyri-rəsmi məlumat daxil olub: “Bizə deyilib ki, əfv olacaq. Bu da İşçi Qrupunun fəaliyyətinin nəticəsidir.
 
Həbsdə olan hamının siyahısı verilib. Bütün xahişləri etmişik. Məktubla prezidentə müraciət etmişik. Ayrı-ayrı insanların ərizələri də var. Güman edirik ki, siyasi məhbuslar ailələrinə qovuşacaq”.
 
N.Cəfəroğlu ömürlük məhbus olan OMON-çular Səfa Poladov və Arif Kazımovun işindən də danışdı: “Onların işini ayrıca vermişik. Gözləyirik ki, məhkəməyə çıxarıb ömürlük hökmə xitam verilsin. Onlar cəzasının 20 ilini çəkib. Düzü, bilmirik ki, bayramda baxacaqlar ya yox. Bəlkə bayramdan sonra ola bilər”. 
 
Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanın adının dünyada siyasi məhbuslarla bağlı hallanmasını arzulamır: “Avropa Oyunları gəlsə də, gəlməsə də, bir siyasi məhbusun belə həbsdə qalmasını istəmirəm. Azərbaycanın adı Avropa Şurasında, Avropa İttifaqında hallansın. Gürcüstanda 5 nazir həbs olunub. Adı heç yerə çıxarılmayıb. 100 nəfərdən çox Saakaşvilinin adamı var idi. Həmçinin Ermənistanda olsun. Mən istəyirəm Azərbaycan da bu işlərdən azad olsun, sözümüzü rahat deyək. Bizim vəziyyətimiz acınacaqlıdır. İran, Rusiya, Ermənistan var ətrafımızda. Ona görə də siyasilər azadlığa çıxmalıdır. İndi məhkəmələri gedən Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərovun və başqalarının da azadlığa çıxmasını arzulayırıq”.
 
Qeyd edək ki, bəzi tanınmış siyasi məhbusların azadlığa çıxma ehtimalları yoxdur. Buna səbəb onların ya istintaq, ya da məhkəmə dövrünü yaşamalarıdır. İntiqam Əliyev, Leyla və Arif Yunusovlar, Xədicə İsmayıl, Rauf Mirqədirov, Rəsul Cəfərov bu qəbildəndir.
Azadlığa çıxma şansı yüksək olan məhbuslar da az deyil. Bu tipli məhkumlar əsasən prezidentə əfv üçün müraciət edənlərdir. Rəşadət Axundov, Rəşad Həsənov, İlkin Rüstəmzadə, Məmməd Əzizov, Ömər Məmmədov, Əbdül Əbilov, Pərviz Həşimli, Hilal Məmmədov kimi məhbusları qeyd etmək olar.

Google+ WhatsApp ok.ru