Ceyhun Cəfərovun yaxınları istintaqa cəlb edildi

“Təkamül” Tərcümə Mərkəzində axtarış aparılıb; ötən həftə həbs olunmuş ilahiyyatçı Ceyhun Cəfərovun işlədiyi ofisin əməkdaşlarının kompüter və mobil telefonları müsadirə olunub
 
Dini hüquqlar üzrə ixtisaslaşmış “Forum 18” təşkilatı ötən həftə həbs olunmuş ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərovla bağlı məlumat yayıb. “Azadlıq” radiosunun məlumatında qeyd olunur ki, “martın 10-da şiə teoloq və tərcüməçi Ceyhun Cəfərov saxlanıb. O, Azərbaycanda din və inanc azadlığından istifadəyə görə cəzalandırılan şəxslərdəndir”. 
 
Məlumatda o da qeyd olunur ki, 42 yaşlı Ceyhun Cəfərov “Space” televiziyasında “Gecə söhbətləri” verilişinin aparıcı olub. O, “Təkamül” Tərcümə Mərkəzinə rəhbərlik edib. Martın 4-də qardaşı ilə İrandan qayıdıb. Qardaşı qonşu ölkədə böyrəyini əməliyyat etdirib. 
 
Qeyd edək ki, C.Cəfərov barəsində ötən həftə məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib. Martın 16-da isə MTN əməkdaşları “Təkamül” Tərcümə Mərkəzinin Yasamal Rayonu ərazisində yerləşən ofisində axtarış aparıblar. 
 
Mərkəz əməkdaşlarının bildirdiyinə görə, əməliyyatçılar ofisdə kitablara, kompüterləri yoxlayıblar, eyni zamanda ofisdə olan əməkdaşların kompüterlərini və mobil telefonlarını müsadirə ediblər. 
 
Yaxınlarından aldığımız məlumata görə, Tərcümə Mərkəzinin bəzi əməkdaşları dindirilməyə çağırılıb.(musavat.com)

Google+ WhatsApp ok.ru