“Hakimiyyət çıxılmaz vəziyyətdə qalıb”

Mehman Əliyev: Azərbaycan hakimiyyəti özünü neftə görə çox arxayın hiss edirdi. Lakin vəziyyət tamamilə başqa cür oldu

2 il bundan öncəyə qədər daima mediaya açıqlama verən Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev yazılarında və müsahibələrində Azərbaycan hakimiyyətinin yaxın aylar ərzində ciddi islahatlara gedəcəyi, siyasi məhbusları azad edəcəyi, insan haqları və demokratiya sahəsində lazımı addımlar atacağı ilə bağlı optimist açıqlamalar verirdi. Turan rəhbərinin siyasi baxımdan sözünün çəkisinin yüksək olması, istər-istəməz cəmiyyətdə müəyyən müsbət fikirlər formalaşdırmışdı. Lakin sözügedən proqnozlar özünü doğrultmamağı ilə yanaşı, Azərbaycan hakimiyyəti repressiv addımlar ataraq təzyiq dalğasını daha da genişləndirdi. 
 
Sözügedən proqnozların özünü doğrultmaması ilə bağlı FaktXeber.com-a açıqlama verən Mehman Əliyev bildirdi ki, ölkədə şərait və ümumi əhval ruhiyyə dəyişib. 
 
Artıq prezident İlham Əliyevin mövcud şəraiti təsdiqlədiyini söyləyən Mehman bəy bildirdi ki, Azərbaycan böhran dövrünə girir: 
 
“Böhran dövründən çıxmaq üçün isə ölkədə monopoliyadan kənar azad iqtisadiyyat, neftdən asılılığının aradan qaldırılması lazımdır. Hazırda neftin qiyməti getdikcə sürətlə düşür. 2016-cı ildən sonra daha da sürətlə düşəcək. Eyni halda həmin dövrlərdə biz əvvəlki illərə nisbətən daha da az neft istehsal edəcəyik. Bu isə ümumi gəlirlərin ciddi şəkildə azalması deməkdir. Ölkəni vəziyyətdən çıxarmağın yeganə yolu isə islahatların aparılmasıdır.”
 
Təxminən 2 il bundan öncə verdiyi proqnozlarının iqtisadi bünövrəyə və amillərə əsaslandığını söyləyən ekspert, “Azərbaycan hakimiyyəti özünü neftə görə çox arxayın hiss edirdi. Lakin vəziyyət tamamilə başqa cür oldu”, - deyə bildirdi: “Hakimiyyət bir növ çıxılmaz vəziyyətdədir. Belə ki, bir tərəfdən islahatları qaçılmaz görür, digər tərəfdən isə islahatlara gedərsə monopoliyanı və azad olmayan bazarı aradan qaldırmalıdır. ”

Google+ WhatsApp ok.ru