“Mənə 200 min manatlıq vergi borcu yazıblar”

Sahibkar 5 nəfərin işlədiyi marketi bağlamaq məcburiyyətində qalıb

Maide.az xəbər verir ki, Bakı sakini Rafiq Rzayev “Azadlıq”a müraciət edib. Rafiq Rzayev bildirir ki, vaxtilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Lakin Vergilər Nazirliyi əməkdaşlarının qanunsuz əməlləri nəticəsində işlətdiyi marketi bağlamalı olub: “Mən Rzayev Rafiq Əskər oğlu sizə bildirirəm ki, Bakı şəhərində 32 kv.m sahəsi olan qaranlıq məznildə, 6 nəfərdən ibarət ailə üzvümlərimlə birlikdə yaşayıram.
 
Bizim ailə iki şəhid verib. Ailəmizdə  bir Qarabağ əlili və bir Qarabağ veteranı var. Yaşayış səviyyəm, dolanışığım ağır olduğuna görə 2012- ci ilin dekabr ayının 20-dən  etibarən, Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 31 ünvanında ”Əbülfəz" market adlanan obyektdə icarə müqaviləsi bağlayaraq müvafiq qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. 20 dekabr 2012-ci ildə həmin obyektdə sahibkarlıq fəaliyyətinə başlayan kimi, Vergilər Nazirliyi yanında Vergilər Auditi Departamentinin əməkdaşları tərəfindən məni həmin Departamentə çağırıb, işləməyim üçün əvvəlcədən 25000 manat məbləğində pul istədilər. Mən dedim ki, işə təzə başlamışam və bu qədər pula gücüm çatmaz. Belə olan halda vergi əməkdaşı “həmin məbləği ödəməsən, səni işləməyə qoymaram və nəticədə həbsxanaya düşərsən” deyə cavab verdi. Bu söhbətin üstündən bir ay keçməmiş, vergi əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə gəlib hər gün yoxlamalar aparmağa başladılar. O cümlədən vergi əməkdaşları əsassız olaraq 07.02.2013-cü il tarixli “Operativ vergi nəzarəti” qərarı açaraq, “nağd pul hesablaşmaları aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib etdilər, iki halda tərtib edilmiş akt və məsuliyyətə cəlbetmə haqqında Qərarla məni 400 manat və 800 manat məbləğində cərimə etdilər".
 
Rafiq Rzayevin sözlərinə görə, bundan sonra onu yenidən Departamentə çağırıblar: “Məni yenə Departamentə çağırıb 25000 manat pulu tələb  etdilər. Soruşdum ki, nə üçün məni işləməyə qoymursunuz? Belə olan halda yenidən 26.04.2013-cü il tarixdən,  30.04.2013-cü il tarixə qədər olan dövrə xronometraj  metodlu müşahidə aparmaqla məni ümumilikdə 12000 manat  məbləğində cərimələdilər. Sonralar mən vergi orqanının  əməkdaşlarının haqsızlığına dözməyərək müvafiq qaydada  məhkəməyə müraciət etdim. Bakı Apelyasiya Məhkəməsinin 30  aprel 2014-cü il tarixli 2/1 (103)- 645/2014 nömrəli  Qərarına əsasən mənim barəmdə vergi orqanı tərəfindən  tərtib edilmiş aktlar ləğv edildi. Lakin məhkəmənin digər  qərarları ilə mənim barəmdə aparılan xronometraj metodlu  müşahidələrin nəticələri barədə tərtib edilmiş aktlara dair  iddia etdiyim məhkəmələr iddiamı təmin etməmişdir. Belə ki, xronometraj metodlu müşahidələrin aparılması üçün Vergi  Məcəlləsinin 50/1 maddəsində göstərilən tələblər olmadığı  halda mənim barəmdə həmin xronometraj metodlu müşahidə  aparılmaqla mənə qarşı böyük məbləğdə yəni, 200.000 manat  məbləğində vergi borcu yazmaqla məni  cəzalandırıblar.
 
Sonralar məni infakt xəstəliyi vuraraq xəstəxanaya düşmüşəm. Əvvəlcə Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya şöbəsində, daha sonra Musa Nağıyev adına xəstəxanada ürəyimdən  cərrahiyyə əməliyyatı oldum. Daha sonra 2014-cü ilin dekabr   ayında mənim vergi borcum olduğunu bildirməklə əmlakımı  siyahıya aldılar. Daha sonra 2015-ci ilin yanvar ayından  mənim vergi orqanına 200.000 manat vergi borcumun olduğunu  bildirməklə, vergi orqanının istintaqına cəlb etmişdilər.
 
Başımıza gələnlərlə bağlı ölkə başçısına və digər aidiyyatı orqanlara müraciət etsək də, heç bir cavab almamışıq. Əgər bizə qarşı bu qanunsuzluğa son qoyulmasa ailəliklə Azərbaycan vətəndaşlığından imtina edəcəyik".
 
Səslənən fikirlərlə bağlı Vergilər Nazirliyinin mövqeyin öyrənməyə çalışsaq da, gün ərzində zənglərimizə cavab verən olmadı.

Google+ WhatsApp ok.ru