Jurnalistlər Rasim Əliyevin ölümünə görə həkimlərin cəzalandırılması tələbi ilə aksiya keçiriblər

Avqustun 27-də bir qrup jurnalist Bakı Şəhər Prokurorluğunun binası qarşısında jurnalist Rasim Əliyevin ölümündə günahı olan həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə aksiya keçirib.
 
Aksiya iştirakçılarını Bakı şəhər prokuroru Əziz Seyidov qəbul edib. Jurnalistlər R.Əliyevin döyülərək öldürülməsi barədə qaldırılan cinayət işinin istintaqı ilə bağlı Ə.Seyidova çoxsaylı suallar ünvanlayıblar. Aksiya iştirakçıları həmçinin R.Əliyevin ölümündə günahkar olan həkimlərin də cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini prokurorun diqqətinə çatdırıblar.
 
Prokuror Ə.Seyidov aksiya iştirakçılarından istəkləri ilə bağlı müraciət hazırlanmasını xahiş edib və sənəddə qaldırılan məsələlərə, o cümlədən həkimlərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacağını bildirib.  
 
R. Əliyev avqustun 8-də "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər  Kliniki Xəstəxanasına (Semaşko adına) yerləşdirilib. Avqustun 9-na gecə onun səhhəti kəskin pisləşib və əməliyyat olunandan sonra vəfat edib.
 
Jurnalistin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib.
 
Futbolçu Cavid Hüseynov isə cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib.

Google+ WhatsApp ok.ru