“Ziya Məmmədovun bir portfeli və kabineti qalıb”

“Nəqliyyat Nazirliyinin indiki formada qalmasının heç bir mənası yoxdur”

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni yaradılan Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib. Bununla da Nəqliyyat Nazirliyinin azalan funksiyalarının siyahısı artırılıb.
 
Maide.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli modern.az saytına bildirib ki, bu proses Nəqliyyat Nazirliyinin funksiyalarının daha da azaldılmasına aparır: “Məntiqlə düşünsək, bəlkə də funksiyalarının əksəriyyətinin əlindən alınması ilə Nəqliyyat Nazirliyi ləğv olunacaq. Amma bu, bir ehtimaldır. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin özünü nəqliyyat infrastrukturu ilə məşğul olan strateji nazirliyi olur. Bəzən bir nazirlikdə bir neçə istiqamət birləşdirilir. Məsələn, Türkiyədəki kimi sərnişin daşımacılıq, hava, dəniz nəqliyyatı bir qurumun tərkibində birləşdirilib.
 
Ola bilməz ki, strateji, siyasi idarəetmə forması olaraq nəqliyyat sistemində nazirlik qalmasın”.
 
Ekspertin fikrincə, nazirliyin indiki formada qalmasının heç bir mənası yoxdur: “Çünki funksiyaları həddindən artıq azaldılıb. Sadəcə, bir portfel, bir kabinet, bir də nazirliyin adı qalıb. Bu anlamda son məqsədin nə olduğunu demək çox çətindir. Amma funksiyaları azaldılan nazirliyin fəaliyyət sahəsinin nədən ibarət olacağı da məlum deyil. Buna görə də ilin əvvəlində təkcə Nəqliyyat Nazirliyi ilə bağlı deyil, digər qurumlarda da struktur dəyişikliklərinin aparılması mümkündür. Ola bilər ki, bu, prosesə hazırlıq mərhələsidir.
 
Nəqliyyat Nazirliyinin ləğv olunması da mümkündür. Ola da bilər ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, yaxud başqa bir nazirliyin qolu kimi fəaliyyət göstərsin. Bu, mümkündür.
 
Amma sırf nəqliyyatın siyasi idarəçiliyi ilə məşğul olan bir nazirliyin daxilində departament və ya hansısa qurum kimi olması mütləq lazımdır. Çünki nəqliyyatın strateji inkişafı hazırlanmalıdır.
 
Amma dünya praktikasında nazirlik siyasi fəaliyyətlə məşğuldur. Təəssüf ki, bizdə nazirliklər təsərrüfat fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən də qarışıqlıq yaranır. Təsərrüfat işlərinin, kommersiya fəaliyyətinin bütün nazirliklərdən alınıb çevik bir aparatla strateji işlərlə məşğul olması daha sərfəlidir. Əslində nazirliyin fəlsəfəsi budur. Bizdə nazirliklər həm təsərrüfat fəaliyyəti, həm biznes, həm də siyasi idarəetməni həyata keçirir. Ona görə də indiki durumdayıq”.
 
Natiq Cəfərli ümid edir ki, yeni yaradılan qurum nəqliyyat sahəsindəki nöqsanların aradan qaldırılmasına xidmət edəcək: “Amma dünyanın keçdiyi yol bunun əksini sübut edir. Çünki dünya praktikasında nəqliyyatın müsbət inkişafı üçün böyük şəhər bələdiyyələri yaradılır. Bələdiyyələr seçkili orqan olur, seçkili olduğu üçün vətəndaşlar qarşısında məsuliyyətini dərk edir, tərkibində nəqliyyat idarəetməyə verilir. Məcburən bütün problemləri həll edir ki, növbəti dəfə də seçilə bilsin. Azərbaycanda da bu praktika tətbiq olunmayınca, şəhər infrastrukturunda və nəqliyyatda ciddi irəliləyişə nail olmaq mümkün deyil. Sivil dünyanın keçdiyi yol bundan ibarətdir”.

Google+ WhatsApp ok.ru