Əhalinin banklarda milyonları bata bilər

Nemət Əliyev: «Dollarla banklara əmanət yatıranların maliyyəsinin böyük hissəsinin sığortadan kənar qalmasının günahkarı Mərkəzi Bankdır»
 
“Bank of Azerbaijan” əmanətçilərindən ərizə qəbuluna 2016-cı il yanvarın 29-dan etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir. Əmanətlərin Sığortalanması Fondu 110-dan çox əmanətçiyə 2,6 milyon manatdan artıq kompensasiya ödəyib. Fonddan bildirilib ki, əmanətçilərin ərizələri sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edilir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya verilir.
 
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent banklar olaraq “Muğanbank” ASC və “Rabitəbank” ASC seçilib.
 
2016-cı ilin yanvar ayının son həftələrində Azərbaycanda Mərkəzi Bankın qərarı iləÿ bank öhdəliklərini yerinə yetirə bilmədikləri üçün “Gəncəbank”, “Bank of Azerbaijan”, “YunaytedKredi bank”, “Atrabank”, və daha iki maliyyə qurumunun lisenziyaları ləğv edildi. Bu banklara əmanətçilərin əmanətlərini qaytarmaq tapşırıldı. (APA)
 
Amma bir məqamı xüsusi ilə qeyd etmək yerinə düşər. Əmanətlərin Sığortalanması Fondu yalnız 30 minə qədər kompensasiya verir. Bu isə o deməkdir ki, vaxtı ilə banka dollarla vəsait yatıran əmanətçilər ciddi itkiylə üzləşirlər. Çünki 2015-ci il fevralın 21-dək dolların manata olan məzənnəsi tam fərqli idi. O zaman 30 min manat təxminən  37 min dollar edirdi. Birinci – fevral devalvasiyadan sonra dollarla manatın məzənnəsinin bərabərləşməsi baş verdi. Bu zaman dollarla əmanəti olanların vəsaitlərinin 7 mini təhlükə altına düşdü. Ikinci dekabrın 21-dəki devalvasiyadan sonra isə dollarda əmanəti olanların yalnız 19 min dolları Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorundu. Halbuki əmanətçi vəsaiti banka yerləşdirərkən məzənnə tam fərqli idi. Hazırda isə əmanətçinin iradəsindən asılı olmayaraq dəyişməsi onun vəsaitlərini təhlükə altına alır. Onu da qeyd edək ki, ölkədə dollarda olan əmanətlərin sayı son aylar daha da artıb.
 
İqtisadçı Nemət Əliyev "Azadlıq"a bildirib ki, MB atdığı addımlarla Azərbaycanın bank sisteminə və onun valyutasına ciddi zərbə vurub. Keçən il fevralın 21-də qəbul etdiyi qərar ilə dollarda krediti olanlara 1.7 milyard dollar ziyan etdiyni deyən N.Əliyev bildirdi ki, bu qərardan sonra qanunda yaranan boşluqları da aradan qaldırmaq idi. Bu boşluqlardan birinin məhz Əmanətlərin Sığortalanması Fondu haqqında qanun olduğunu söyləyən N.Əliyev qeyd etdi ki, gərək hökumət bu qanundakı boşluğa görə vəsait itirə biləcək şəxslərin əmanətlərini kompensasiya edəydi. Amma bu addım atılmadı: “Ikinci devalvasiya qərarından sonra isə kredit borcu olanların çiyinlərinə 3.8 milyard vəsait yükləndi. Sonradan Konstitusiya Məhkəməsinin bu işə qatılması ilə bankların xeyrinə qərar qəbul edildi. Hökumət xalqın maraqlarının deyil, hansısa koorporativ maraqların müdafiəçisi kimi çıxış etdi. Bütün bunları da xalq görür. Ona göraə bank sisteminə və milli valyutaya olan inam itib. Bu gün hökumət və Mərkəzi Bank nə qədər çalışırsa, bu inamsızlığın gətirdiyi itkini qarşılaya bilmir. Bütün bunlar buraxılmış kobud səhvlərin nəticəsidir”.
 
N.Əliyev bildirdi ki, vaxtı ilə banklara dollarla əmanət qoyan və köhnə kursla 30 min dolları sığortalamış əmanətçilərin heç bir günahı yoxdur: “Dollarla banklara əmanət yatıranların maliyyəsinin böyük hissəsinin sığortadan kənar qalmasının günahkarı Mərkəzi Bankdır. Hökumət banklara əmanət qoyanların maliyyəsinin hamısına zəmanət verməlidir. Əmanətçiyə banka qoyduğu vəsaitlərin hamısını götürməyə imkan yaradılmalıdır. Əks halda əmanətçilər elliklə axın edib, banklardan əmanətlərini geri çəkəcəklər. Bu çox böyük təhlükəli məqamdır. Ölkənin bütün bank sistemi oynayıb, sıradan çıxa bilər”.

Google+ WhatsApp ok.ru