Bağlanan banklarda müştərilərin hesabında problem yaranacaq?

Hazırda ölkənin bank sektorunda baş verən proseslər bütün ictimaiyyətin diqqətindədir. Son günlər bir neçə bankın lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərlər sosial şəbəkələrdə, mediada müzakirə olunmaqdadır.
 
Bağlanan banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdürsə, həmin bankların əmanətçiləri narahat olmur. Belə ki, qanunla qorunan əmanətlər 30 min manatı aşmamaq şərtilə müştərilərə yeddi iş günü ərzində geri qaytarılır.
 
Ancaq nəzərə alaq ki, banklarda təkcə qorunan əmanətlər deyil, eyni zamanda, ayrı-ayrı hüquqi və fiziki şəxslərin cari hesabları da olur.
 
İndi müştərilər cari hesablarının taleyindən çox narahatdır. Qanunvericiliyə əsasən, Mərkəzi Bank tərəfindən bankın lisenziyası ləğv olunduğu halda, həmin banka inzibatçı təyin olunur. Kredit borclarının qaytarılması məsələsindən başqa, qalan bütün əməliyyatlar dondurulur.
 
Bəs, cari hesabları olan müştərilər barədə qanunvericilik nə deyir? Onların hesabları üzərindəki vəsaitləri geri qaytarılacaqmı?
 
“Qafqazinfo” sözügedən suallarla iqtisadçı ekspert Rəşad Əliyevə müraciət edib. Onun sözlərinə görə, ləğvetmə prosesini Mərkəzi Bank həyata keçirir. Bu zaman müddətində bankın müştəriləri ilə müəyyən işlər aparılır: 
“Müştərilərin sayı mümkün qədər minumumlaşdırıldıqdan sonra ləğvetmə haqqında qərar verilir. Bundan sonrakı dövrdə bankın kredit portfelinin toplanması, depozit və əmanət öhdəliklərinin yerinə yetirilməsi artıq seçilmiş müvəkkil banklara həvalə olunur. İkinci mərhələdə isə, hesabların bir bankdan digər banka transfer olması müştərinin öz seçimi ilə baş tutur. Bundan sonra sahibkarlıq subyektləri, biznesmenlər, müəssisələr fəaliyyətini digər seçdikləri banklar vasitəsilə davam etdirə bilərlər.
 
Bank ləğv edilib deyə, bu o demək deyil ki, sahibkarların, müəssisələrin, hüquqları mütləq pozulacaq, depozitləri geri qaytarılmayacaq”.
 
Ekspert əlavə edib ki, ləğvetmə prosesinə gedilərkən bankın bütün aktivləri və passivləri qiymətləndirilir:
 
“Əmanətlərin, depozitlərin geri qaytarılması məsələsi aktivlərin geri yığılması hesabına baş verir. Ondan sonrakı mərhələdə artıq bankın daşınmaz əmlakının satışının həyata keçirilməsi baş verir. 
 
Daha sonrakı mərhələdə isə bunları kompensasiya etmək mümkün deyilsə, qanun çərçivəsində həll olunur. Sığortalanan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən əvəzlənir.
 
Fondun qaydalarına uyğun olmayan müştərilərin isə əmanətləri bata bilər. Amma cari hesablar üzərindəki depozitlər seçilmiş müvəkkil banklar vasitəsilə geri qaytarılacaq.
 
Bankın depozitləri geri qaytarmaq üçün aktivləri, məcmu kapitalı, problemli kreditlərin ödənilməsi üçün yığımları vardır. Bu vəsaitlər bankın sərəncamından kənarda olur. Məcmu kapitalı az olan bankların müştərilərinin carı hesabları da məhduddur. Sadəcə ola bilər ki, bir neçə gün ərzində hər hansı texniki problemlər baş versin və gecikmələr olsun. Heç bir halda fiziki şəxslərin depozitləri batmır. Çünki qanunvericilik buna imkan vermir. Əgər bu baş verərsə, artıq hüququ pozuntu hesab olunur”.

Google+ WhatsApp ok.ru