“QHT və KİV nümayəndələrindən ibarət ictimai nəzarət sistemi yaradılmalıdır”

Nadir İsrafilov: `Bütün imtahanları testlə keçirmək uğurlu variant deyil`

Təhsil eksperti Nadir İsrafilov son günlər gündəmdə geniş müzakirələrə səbəb olan təhsilin məzmun və struktur dəyişiklikləri ilə bağlı ehtimallara dair Maide.az-a müsahibə verib.
 
- Nadir müəllim, son günlər testin ləğv edilməsi, imtahan qaydalarının dəyişdirilməsi, ümumiyyətlə TQDK-nın bir qurum kimi ləğv edilib Təhsil Nazirliyinə birləşdirilməsi, bu qurumların bazasında Elm və Təhsil Nazirliyinin yaradılması kimi məsələlər gündəmin manşetinə çevrilib. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik .
- Bu kimi məsələlər çoxdan gündəmdə olan, sadəcə olaraq  xüsusilə son günlər bir daha aktuallaşan məsələdir. Maraqlı orasıdır ki, müxtəlif ekspertlər və hətta rəsmilər testin, habelə Təhsil Nazirliyi və TQDK-nın birləşməsinin mənfi və müsbət tərəflərini əsaslandırmaqla bir növ iki cəbhəyə bölünüblər. Testin tərəfdarları, başqa sözlə desək Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar hesab edir ki, bu birləşmə təhsil sahəsində korrupsiyanın miqyasını artıra bilər. TQDK ən şəffaf və ən effektiv qurumlardan biri kimi tanınıb. Digərləri hesab edir ki, TQDK artıq öz dövrünü yaşayıb, zamanını başa vurub. Rasionallaşdırma baxımından iki qurumun birləşdirilməsində hər hansı mənfi hal ola bilməz, əksinə birləşmənin ancaq müsbət nəticəsi olar.
 
- Bəs siz necə hesab edirsiniz?
- Mənim subyektiv mövqeyim budur ki, hər halda  gec və ya tez belə bir addımın atılması gözləniləndir.Yaranan mövcud situasiya, hadisələrin inkişafı buna doğru aparır. Nəzərə alsaq ki, buraxılış və qəbul imtahanlarının birləşdirilərək vahid təkpilləli imtahan sisteminə keçid nəzərdə tutulur, təbii ki, belə bir şəraitdə imtahanı bir qurum həyata keçirməlidir. Digər tərəfdən bir çox ali məktəblərdə tədricən testdən imtina edilərək, yazılı imtahan forması tətbiq olunur. Ən başlıcası isə təhsilə dair Dövlət Strategiyasında Universitetlərə maliyyə müstəqilliyi ilə yanaşı elmi və pedaqoji müstəqilliyin verilməsi nəzərdə tutulur. Bu və digər bu kimi hallar buna işarə kimi qəbul edilə bilər. Əgər belə bir məsələ baş tutsa, o zaman universitetlərin hər biri özləri qəbul həyata keçirəcəklər. Deməli universitetlər özləri tələbə qəbul etsələr, TQDK-ya elə də bir ehtiyac qalmayacaq. Digər tərəfdən artıq respublikada bir sıra nazirliklərin, komitələrin idarə və təşkilatların  ləğv edilməsi və ya birləşdirilməsi prosesi gedir. Təhsil sistemində də rasionallaşdırmaya start verilib. Bir də ki, dünyanın bir çox ölkələrində  vahid bir qurum - Elm və Təhsil Nazirliyi fəaliyyət göstərir. Bununla belə TQDK-nın təhsilimiz qarşısında, xüsusilə dərsliklərin monitorinqi sahəsindəki xidmətlərini qiymətləndirməmək ədalətsizlik olardı.
 
- Ümumiyyətlə testin ləğvini məqbul saymaq olarmı və bu hal baş versə necə qarşılanar? 
- Mən heç vaxt testin əleyhinə olmamışam. Bununla belə,təhsil bir sistem olaraq durmadan inkişaf edir, təkmilləşir, beynəlxalq aləmə inteqrasiya edir. Bu baxımdan testin də forma və məzmunca yeniləşməsi, təkmilləşdirilməsı və tətbiqi əhatəsinin konkretləşdirilməsi qaçılmazdır. Digər bir məsələ var ki, test təhsil alanların əsasən məntiqi təfəkkürinü tənzimləyirsə, yazılı imtahan yazı vərdişlərini, şifahi imtahan isə nitq qabiliyyətini inkişaf etdirir. İstəsək də istəməsək də etiraf etmək zorundayıq ki, əksəriyyət məzun və tələbələrimiz yazı və  nitq sarıdan yumşaq desək bir az kasaddırlar. Bu mənada hər bir fənnin spesifikasına müvafiq imtahan forması seçilməli və tətbiq olunmalıdır. Bütün imtahanları testlə keçirmək uğurlu variant deyil. O ki, qaldı necə qarşılanmasına, hələ ki, təhsilimizdə nəyinsə birmənalı qarşılanmasının şahidi olmamışam. 
 
- İki təhsil qurumunun birləşdirilməsi ehtimalına necə baxırsınız ?
- Açığını etiraf edim ki, həmişə təhsilin bir mərkəzdən idarə olunmasının tərəfdarı olmuşam. Hesab edirəm ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də o daşımalıdır,  ondan da soruşulmalıdır.Düzdür, keçmiş rəhbərliyinin yarıtmazlığı ucbatından bir sıra səlahiyyətlər, o cümlədən uşaq bağçaları Təhsil Nazirliyindən alınıb, İcra hakimiyyəti orqanına verilib ki,bunun da fəsadlarının şahidiyik. Yəqin ki, bu məsələnin də nizama salınması barədə düşünüləcək.  Bu zaman ikili-üçlü qurumlar arasındakı qarşılıqlı ittihamlara, digər qarşıdurmalara və savaşa da son  qoyular. Bu şərtlə ki, belə bir birləşmə baş verərsə obyektivliyi və şəffaflığı təmin etmək və qiymətləndirmə aparmaq üçün mütləq təhsil mütəxəssislərindən, QHT və KİV nümayəndələrindən ibarət ictimai nəzarət sistemi yaradılmalıdır. Belə bir addımın atılması Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında” Qanunun tələbləri, habelə digər əlaqədar normativlərin müddəaları  ilə də səsləşmiş olar.
Hər halda hansı qərarın qəbul edilib edilməyəcəyi TQDK sədri Məleykə Abbaszadənin vurğuladığı  kimi Prezidentin səlahiyyətinə daxil olan məsələdir. 

Google+ WhatsApp ok.ru