ABŞ təşkilatı hakimiyyətin optimizmini alt-üst etdi

ABŞ-ın Xarici Siyasət Araşdırmalar Institutuna görə, Azərbaycanda dağıdıcı iqtisadi geriləmə davam edir

Azərbaycanda iqtisadi böhranın dərinləşməsini qaçılmaz edən səbəblərdən biri də hökumətin fəaliyyətsizliyidir. Zəruri olan addımların atılmaması ölkə iqtisadiyyatını neftin qiymətinin düşməsi nəticəsində aciz edib. Azərbaycanın üzləşdiyi durumun acınacaqlı olduğunu beynəlxalq institutlar da təsdiqləməklə yanaşı, həyəcan təbili çalırlar.
 
Məsələn, ABŞ-ın Xarici Siyasət Araşdırmalar Institutu Azərbaycanda 2015-ci ildə baş verənləri, həmçinin ölkədə yaranmış maliyyə böhranı ilə bağlı vəziyyəti təhlil edib. Təhlilin nəticələri “2015-ci ildə Azərbaycanın ən yaxşı və ən pis anları: Avropa Oyunları, saxta britaniyalı turistlər, milli valyutanın devalvasiyası və bir çox başqa məsələlər…” başlığıyla yayımlanıb. Təhlildə qeyd olunur ki, Azərbaycanda qısa müddətdə hansısa müsbət dəyişikliklərin baş verəcəyinə ümid çox azdır. “2016-cı il Azərbaycanda etirazlar dalğası ilə başladı. Baş verənlər ölkə rəhbərliyini elə sıxıb ki, hökumət hər səviyyədə iqtisadi islahatlardan danışır. Reallıq göz önündədir: elə islahatlar var ki, onlar azı on beş il əvvəl həyata keçirilməli idi. Planlaşdırmanın olmaması, korrupsiya, monopoliya və s. amillər ölkəni böhran vəziyyətinə gətirib çıxarıb. Dağıdıcı iqtisadi geriləmə davam edir.
 
Ən pisi budur ki, baş verənlər Azərbaycanda maliyyə böhranının hələ başlanğıcıdır. Azərbaycan hökuməti artıq Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kömək istəyib. Azərbaycanda bəziləri islahatlar və müsbət dəyişikliklər imkanını bunda görürlər. Lakin Azərbaycanda yaxın gələcəkdə kəskin dəyişikliklərin olacağını demək çətindir”, deyə təhlildə vurğulanır.
 
İqtisadçı Samir Əliyev "Azadlıq"a bildirib ki, hazırda yaşananlar neftdən asılı olan iqtisadiyyatın yaşadıqları çətinliklərdir. Ölkədən çoxlu kapital axını olduğunu deyən S.Əliyev vurğuladı ki, iqtisadiyyatın lokomativi hazırda çox zəifləyib: “Neftdən asılı olan lokomativ zəifləyib. Ona görə də qatar çox zəif gedir. Biz böhranın əlamətlərini görürük. Bu proses davam edərsə, ağır fəsadları ola bilər. Bu təsirin nəticələrini aşağı endirmək üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu istiqamətdə qabaqlayıcı tədbirlər atılmadı və ya çox zəif atıldı. Böhran artıq iqtisadiyyatda oturub. Böhranın qarşısını ala bilməmişiksə, heç olmasa onun təsirini azaltmalıyıq. Bunun da yolu islahatlardır”.
 
S.Əliyev vurğuladı ki, bir tərəfdən qeyri-neft sektorunun inkişaf etdirilməsinə çalışılır, digər tərəfdən isə bu islahatı reallaşdırmaq üçün dövriyyədə kifayət qədər manat yoxdur. Bundan başqa, biznes mühitinin inkişaf etdirilməsi üçün yetərli addımlar atılmır. Atılan addımlar daha çox kosmetikdir. “Belə bir vəziyyətdə biz daha çox ləngiyirik və nəticədə böhran daha da dərinə işləyir. Ona görə hökumət istənilən halda anti-böhran proqramını qəbul etməlidir. Bu proqramda islahatların istiqamətləri göstərilməlidir. Çünki atılan addımlar sistemsiz və problemin genişlənməsini məhdudlaşdırmağa yönələn addımlardır”, deyə S.Əliyev vurğuladı.

Google+ WhatsApp ok.ru