Əli İnsanovla bağlı apellyasiya şikayəti qismən təmin edilib

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
APA-nın məlumatına görə, şikayət qismən təmin edilib, işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilib.
 
Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi Ə.İnsanova məxsus qarajın sökülməsi ilə bağlı Vəfa Əlizadə adlı şəxsin sabiq nazirə 50 min manat ödəməsi barədə qərar çıxarıb. Lakin həmin şəxs qərarı icra etmədiyindən Ə.İnsanovun vəkili Vəfa Əlizadənin səhmlərinin üzərinə həbs qoyulması barədə təqdimat verib. Məhkəmə təqdimatı təmin edərək müvafiq qərardad çıxarıb. Nəsimi Rayon İcra Şöbəsinin qərardadı icra etmədiyini əsas gətirən Ə.İnsanovun vəkili 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
 
Məhkəmə şikayətin qismən təmin olunması barədə qərar qəbul edib. Qərardan narazı qalan Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru isə apellyasiya şikayəti verib.
 
Əli İnsanov 2005-ci ilin oktyabrında "dövlət çevrilişi" ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Google+ WhatsApp ok.ru