Ali Məhkəmə sədri hakimləri işlərə düz baxmamaqda ittiham edib

Cümə axşamı apellyasiya, ağır cinayətlər və bir sıra rayon məhkəmələri sədr və hakimlərinin iştirakı ilə Ali Məhkəmənin plenumu keçirilib.
 
Ali Məhkəmənin sədri Ramiz Rzayev insan hüquqları və azadlıqlarının təmin edilməsinin tərkib hissəsi kimi əhalinin mülkiyyət hüququnun da dövlət tərəfindən qorunduğunu iddia edib.
 
Sədrə görə, mülkiyyətin mühafizəsi sahəsində konstitusion müddəalar mülkiyyətə qəsdlə bağlı əməllərə fərqli hüquqi qiymət verilməsi təcrübəsini aradan qaldırıb. R.Rzayev mülkiyyət əleyhinə yönələn cinayətlər sırasında dələduzluğun geniş yayıldığını söyləyib. Plenumda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə edilib, təhlillər aparılıb.
Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi ümumiləşdirilərək müəyyən edilib ki, bu tip cinayət işlərinə baxan hakimlər qanunvericiliyin tələblərinə əsasən əməl edirlər. Ali Məhkəmə sədri bununla birgə, bəzi hallarda istər ibtidai araşdırma, istərsə də məhkəmə instansiyasında bütün faktiki halların araşdırılmasına lazımi diqqət yetirilmədiyinə diqqət çəkib.
 
Plenumda qeyd edilib ki, bəzi hallarda faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi kimi iştirak edən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmir. Təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsində, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulan zərərin ödənilməsi məqsədilə verilən müki iddiaların həllində səhvlərə yol verilir. Bəzi hallarda isə mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi cinayət mühakimə icraatı qaydasında həll edilir.
 
Plenum mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul edib. 

Google+ WhatsApp ok.ru