AİP-in həbsdə olan komitə sədri azadlığa çıxdı

2014-cü il fevralın 17-də səhər saatlarında Astarada rayon camaatının ünvanına aşağılayıcı ifadələr işlədilməsi sakinlər arasında narazılıq yaratmışdı. Onlar İcra Hakimiyyətinin qarşısına yürüş edərək, aksiya keçirmişdilər. Bu hadisənin Astaranın mərkəzi bazarının müəmmalı şəkildə yandığı günə təsadüf etməsi isə emosiyaları daha da qızışdırmışdı. 
 
Baş verən qarşıdurmalardan sonra bir neçə nəfər həbs olunmuşdu. Həbs olunanlar arasında Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürov da var idi. O, məsciddə namaz qıldıqdan sonra çıxarkən bir qrup şəxsin camaatı meydana dəvət etdiyini görsə də, “bu cür məsləhətsiz iş görməyin!”, - demişdi. Amma nədənsə hadisələrdən sonra bəzi şəxsləri evlərindən tutub apararkən, Famil Şükürovu da həbs edilmişdi. 
 
Famil Şükürov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə hökmü çıxarılmışdı.
 
Bu gün Famil Şükürovun həbs müddəti başa çatıb və o həbsdən azad edilib.

Google+ WhatsApp ok.ru