Xədicə İsmayılovanın məhkəmə prosesində prokuror çıxış edəcək

Bu gün Bakı Ağır  Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın  işi üzrə məhkəmə prosesi davam edib.
 
Bugünkü iclasda  Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədov ifadə verib. O, avqustun 19-da ifadə verməyə başlasa da iş günü bitdiyindən dindirilmə yarımçıq saxlanılıb.
 
Vergi Departamentinin əməkdaşları müdafiə tərəfinin vəsatəti əsasında dindirilir. 
 
Məhkəmə yenə yarıqapalı şəkildə davam edir.     
 
Müstəqil jurnalistlər məhkəmə zalına buraxılmayıblar.
 
Diplomatik nümayəndəlikdən  Böyük Britaniyanın və Avropa İttifaqının nümayəndələri  zala buraxılmayıb.
 
İ.Nurməmmədov ifadəsində   bildirib ki, “Azadlıq” radiosunun Bakı Bürosuna vəsaitlər daxil olsa da onun xərclənmə təyinatları göstərilməyib. Yəni, daxil olan vəsaitin hansı məqsədlə və hansı işlərə yönəlməsi ilə bağlı sənədlər olmayıb.
 
O əlavə edib ki, 2008-ci il ərzində radionun Bakı bürosu lisenziya olmadan qanunsuz fəaliyyət göstərib. Bu da qanunsuz sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir.
 
İ.Nurməmmədov X. İsmayılovanın sualına cavabında  qeyd edib ki, o, büro rəhbəri kimi  həmin dövrə təsadüf edən qanun poruntularına görə cavabdehlik daşıyır.
 
Aralıq aktını hazırlamış digər mütəxəssis Elçin Əliyev də ifadə verərək aktda vergi və maliyyə pozuntuları ilə bağlı qeyd olunanları təsdiq etdiyini deyib.
 
X. İsmayılova bu gün   bir daha onu tutmaqda məqsədin  İ.Əliyevin  ailə biznesinə qarşı araşdırmanın  qarşısını almaq  olduğunu xatırladıb.
 
Şahid ifadələri dindirildikdən sonra vəkil Fariz Namazlı aralıq aktının sübutlar siyashısından çıxarılması ilə bağlı vəsatət qaldırıb.
 
Vəkil hesab edir ki, səyyar vergi yoxlamaları başa çatmadan X.İsmayılova ilə bağlı rəy vermək doğru deyil.
 
Qanunvericilikdə isə umumiyyətlə “aralıq aktı”anlayışı yoxdur.
 
Dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, aralıq aktı qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilib və dəqiq aparılıb. Ona görə də sübutlar siyahısından çıxarılması üçün heç bir əsas yoxdur. O, vəsatətin təmin olunmamasını istəyib.
 
Hakim də vəkilin bu vəsatətini təmin etməyib.
 
Daha sonra X. İsmayılova məhkəmədə yazılan protokolla tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.
 
Lakin hakim bu vəsatəti də təmin etməyib.
 
Bundan sonra hakim R. Allahevrdiyeva məhkəmə istintaqının başa çatdığını elan edib. Tərəflər buna etiraz etməyiblər.
 
Sonda dövlət ittihamçısı  hakimdən çıxış üçün vaxt istəyib. 

Google+ WhatsApp ok.ru