AİP liderinə vəkili ilə görüşə icazə verilib - M. Səmədovun karsa salınma səbəbi

AİP liderinə vəkili ilə görüşə icazə verilib - M. Səmədovun karsa salınma səbəbi

 
Hacı Mövsüm Səmədovun səhhətində ciddi problemlər yaranıb.
 
Bir müddət öncə sentyabr ayının 26-da keçiriləcək referendumla bağlı mövqeyini ictimaiyyətə açıqlayan, ardınca məhz konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə etiraz olaraq aclıq aksiyasına başlayan Azərbaycan İslam Partiyasının ( AİP) həbsdə olan sədri, ilahiyyatçı alim Hacı Mövsüm Səmədovun vəkili ilə görüşünə icazə verilib.
 
Bu barədə Doktor Səmədovun vəkili Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, dəfələrlə edilən israrlı xahişlərə baxmayaraq ilahiyyatçı aclıq aksiyasını hələ dayandırmayıb və bu barədə düşünmür. Lakin gələcək günlərdə aclıq aksiyasının dayandırılması haqda qərara yenidən baxa bilər. Yalçın İmanov qeyd edib ki, Hacı Mövsüm Səmədovun səhəttində çox kəskin problemlər yaranıb. İlahiyyatçının aclıq aksiyası ilə əlaqədar təzyiqi aşağı düşüb, ümumi halsızlıq yaranıb və xeyli çəki itirib. Nitqində və hərəkətində müəyyən çətinliklər müşahidə olunur. 
 
Vəkil əlavə edib ki, doktor Səmədov həkim nəzarəti altındadır. Lakin bu nəzərət gündəlik aparılmır. Yalnız iki gündən bir həkimlər siyasi məhbusu müayinə edirlər. Vəkil Yalçın İmanov ilahiyyatçı alimin dünəndən etibarən karsa salındığını da qeyd edib: “Aclıq aksiyası etdiyini, dövlətə qarşı təxribatçı çıxışlarını bəhanə gətirərək Hacı Mövsüm Səmədovu karsa salıblar”.
 
Vəkil Hacı Mövsüm Səmədovla dünən görüşə hansı səbəbdən icazə verilmədiyinə də aydınlıq gətirib: “Həbsxana rəhbərliyi bununla bağlı heç bir izahat verməsə də, guya müvəkkilimin mənimlə görüşmək istəmədiyini səbəb kimi göstərib. Lakin bugünki görüş zamanı doktor Səmədov səslənən arqumenti qəti şəkildə təkzib edib və həbsxana rəhbərliyinin uydurma cəfəngiyyatı adlandırıb”. (İslaminSesi) /

Google+ WhatsApp ok.ru