Natiq Cəfərli girov müqabilində də azadlığa buraxılmadı

Natiq Cəfərli girov müqabilində də azadlığa buraxılmadı

 
Vəkil qərardan apellyasiya şikayəti veriləcəyini deyir
 
Nəsimi rayon məhkəməsi Real Hərəkatının icra katibi Natiq Cəfərlinin girov müqabilində azadlığa buraxılması barədə verdiyi ərizəni təmin etməyib.
 
Vəkil Cavad Cavadlının Amerikanın Səsinə verdiyi məlumata görə girov olaraq məhkəmə ərizəsində Natiq Cəfərlinin həyat yoldaşına məxsus mənzilin girov qoyulması göstərilmişdi.
 
Vəkil bildirib ki, Natiq Cəfərlinin özü də məhkəmədə iştirak edib.
 
O, prosesdə məhkəməyə verilən ərizəni müdafiə edərək həbsinin absurd olduğunu, hüquqi əsasları olmadığını və heç bir yerə qaçamayacağını bildirib.
 
Vəkilin dediyinə görə bütün bunlara baxmayaraq hakim ərizəni təmin etməyib. Natiq Cəfərlinin həbs qətimkan tədbiri dəyişilmədi.
 
“Biz bu qərardan apellyasiya şikayəti verəcəyik”deyə vəkil qeyd edib.
 
İbtidai istintaqa gəldikdə isə vəkil heç bir istintaq hərəkətləri aparılmadığını da xatırladıb.
 
Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
 
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Natiq Cəfərli Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
 
O, ittihamları qəbul etmir və REAL Cəfərlinin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq təşkilatlar hökuməti Cəfərlini həbsdən azad etməyə çağırıb. (faktxeber) /

Google+ WhatsApp ok.ru