Aslan İsmayılov: `Prokurorlar və qanunsuz hökm çıxaran hakimlər də həbs olunmalıdırlar`

Maide.az xəbər verir ki, tanınmış hüquq müdafiəçisi Aslan İsmayılov son günlər MTN ətrafında baş verən olaylara münasibətini açıqlayıb. A.İsmayılovun sözlərinə görə, "MTN işi" ilə bağlı yayılan məlumatlar, bildiklərimiz onu göstərir ki, çoxlu sayda insanlar heç bir günahı olmadan MTN işçiləri tərəfindən şərlənib, haqlarında qurama işlər düzəldərək külli iqdarda rüşvətlər alınıb. Sonra isə saxta cinayət işləri prokurorlar tərəfindən təsdiqlənərək məhkəmələrə göndərilib və yenə də rüşvət müqabilində haqlarında şərti cəza olmaqla ittihamedici hökm çıxarılıb: "İndi MTN-in vəzifəli şəxsləri, müstəntiqləri həbs olunur və olunmalıdırlar. Maraqlı olan odur ki, həmin qanunsuz, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər barədə, ittiham aktını təsdiq edən Baş Prokurorun birinci müavini Rüstəm Usubov "MTN işi" üzrə istintaq qrupunun rəhbəridir.
Əgər doğrudan da ədalətli araşdırma gedirsə MTN-də istintaqa nəzarət edən, həmin saxta ittiham aktlarını təsdiq edən prokurorlar və qanunsuz hökm çıxaran hakimlər də həbs olunmalıdırlar. Hamı bilir ki, ən azından hakimlər aldıqları rüşvətləri ittihamı müdafiə edən prokurorlarla bölüşürlər. Bu gedişatla ancaq MTN əməkdaşları həbs olunacaqlarsa deməli Azərbaycan ədalət sistemində yenə yarım hamiləlik olur."

Google+ WhatsApp ok.ru