AXCP fəalının saxlanmasının səbəbləri bildirilmir

AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli aprelin 28-də evinin qarşısında iki mülki geyimli şəxs tərəfindən saxlanılıb.
 
F. Əhmədlinin atası Zəfər Əhmədli Turan-a bildirib ki, axtarışlardan sonra oğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən saxlandığını müəyyən edib.
 
“Aprelin 28-dən 29-na keçən gecə Fuad işdən evə qayıdarkən 10-PK-473 dövlət nömrə nişanlı “Nissan Sunny" markalı avtomobil onu yaşadığı ünvana kimi təqib edib. Evimizin qarşısında zorla maşına mindirərək naməlum istiqamətə aparıblar. Həmin gün səhərə qədər oğlumun  kimlər tərəfindən oğurlandığından xəbər tuta bilmədim. Daxili Işlər Nazirliyinin “102" xidmətilə, prokurorluqla, Xətai Rayon Polis Idarəsi ilə əlaqə yaratdıqdan sonra məlum oldu ki, oğlum ”bandotdel"ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi) aparılıb”, - ata bildirib.
 
Aprelin 29-da Z. Əhmədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi əlaqə saxlayıb. Orada bildiriblər ki, F. Əhmədlinin barəsində 25 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
 
“Fuadın yanına vəkil göndərmək istədik, bizə bildirdilər ki, guya, o, vəkildən imtina edib. Çox çalışdıq ki, Fuadın özü ilə görüşüb məsələni dəqiqləşdirək, təəssüf ki, buna şərait yaratmadılar. Aprelin 30-da Fuadın saxlanıldığı idarəyə getdim. Mülki geyimli Elman adlı şəxs mənə yaxınlaşaraq dedi ki, Fuad oradadır, ona 25 sutka inzibati həbs cəzası veriblər. Cəzanı hansı səbəbdən verdiklərini soruşdum, dedilər ki, Fuad xırda xuliqanlıq eləyib. Amma bu ”xırda xuliqanlığın" nədən ibarət olduğunu demədilər. Elman müəllim dedi ki, “ola bilsin, küçədə gedərkən söyüş söyüb, ona görə də polislər saxlayıb”. Onda mən soruşdum ki, məgər polis vətəndaşı söyüş söydüyünə görə saxlayanda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirir? Elman müəllim cavabında dedi ki, “mənim heç nədən xəbərim yoxdur”. Bundan sonra soruşdum ki, Fuadın həbsilə bağlı məhkəmə qərarı varmı? Varsa həmin qərarı görmək istədim. Onu da göstərmədilər. Bir sözlə, idarədə heç bir sualıma cavab ala bilmədim. Nə Fuadı görə bildim, nə də məhkəmə qərarını...", -  Zəfər Əhmədli bildirib.
 
Öz növbəsində, vəkil Vüqar Məmmədov Turan-a bildirib ki, oreder təqdim etməsinə baxmayaraq onu Fuadla görüşə buraxmayıblar.
 
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində Fuad Əhmədlinin tutlmasının səbəbləri  barədə də məlumat vermirlər. Əgər Fuadı inzibati qaydada saxlayıblarsa nə sbəbəbdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlayırlar. Məhkəmə qərarı varsa niyə göstərmirlər? Güman edirəm ki, ona işgəncə verilib”, - vəkil qeyd edib.
 
V.Məmmədov həmçinin Fuadın siyasi və Facebook fəalı olduğunu bildirib. “Onun həbsinin səbəbini bunda axtarmaq lazımdır. Fuadı qanunsuz olaraq saxlayırlar. Bu hərəkətdən prokurora, məhkəməyə və ombudsmana şikayət edəcəm”, - vəkil qeyd edib.   
 
AXCP sədri Əli Kərimli bildirib ki, Fuad Əhmədli cərrahiyyə əməliyyatından yeni çıxıb və onun səhhətinə görə hakimiyyət məsuliyyət daşıyır.
 
Ə.Kərimli facebook səhifəsində yazıb:
 
“AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli artıq dördüncü gündür ki, “banditizm” idarəsi tərəfindən oğurlanıb. Haqqında formal da olsa, məhkəmə qərarı yoxdur. Tam qanunsuz, girov kimi saxlanılır. Vəkili ilə belə görüşünə imkan verilmir. Nədə ittiham olunduğu barədə heç ailə üzvlərinə də məlumat verilmir”, - o qeyd edib.
 
Fuad Əhmədlinin saxlanması ilə bağlı hələ rəsmi orqanlar məlumat yaymayıb.

Google+ WhatsApp ok.ru