Azərbaycan Tibb Universitetinin ilk klinikası – Stomatoloji Klinika

Maide.az-ın məlumatına görə, ölkənin yeganə tibb təhsili verən ali təhsil müəssisəsinin - Azərbaycan Tibb Universitetinin (ATU) ən böyük fakültələrindən biri stomatologiya fakültəsidir. Fakültənin fəaliyyəti dövründə 8 mindən çox həkim-stomatoloq hazırlanıb ki, bu gün onlar həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər. Hazırda universitetdə stomatoloji profilli fənlərin tədrisi 5 kafedrada həyata keçirilir.
 
Stomatologiya fakültəsinin təcrübə dərsləri Səhiyyə Nazirliyinin müxtəlif poliklinika və xəstəxanalarında, mühazirələr isə universitetin tədris korpuslarında keçirilirdi. Kafedraların iş şəraiti illər keçdikcə yaxşılaşsa da, dərs otaqlarının azlığı və poliklinika bazalarının darısqallığı yenə də özünü göstərirdi. Nəhayət, 2002-ci ildə ATU-nun nəzdində Stomatoloji Klinika açıldı.
 
Klinikanın direktoru, ortopedik stomatologiya kafedrasının dosenti, tibb elmləri doktoru Alqış Səfərov AzərTAc-a bildirib ki, stomatologiya fakültəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Klinikanın nəzdində stomatoloji poliklinika da fəaliyyət göstərir ki, bu da stomatologiya fakültəsinin tələbələrinin praktiki təcrübə keçməsinə imkan yaradır. Stomatoloji klinikanın əsas fəaliyyət istiqaməti yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaqla yanaşı, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələbələrə cavab verən baza olmaqla, əhaliyə yüksək ixtisaslı stomatoloji xidmət göstərməkdən ibarətdir. Bu məqsədlə Stomatoloji Klinikanın tədris-klinik binası əsaslı təmir olunduqdan sonra Yaponiya, Almaniya, Türkiyə, Slovakiya, Braziliya, Koreya və b. ölkələrdə istehsal olunan avadanlıqlar və stomatoloji qurğularla təchiz olunub. Klinikada yeni tədris otaqları açılmış, köhnələri müasir tələblərə uyğun əsaslı təmir olunub. Rentgen diaqnostika və kompüter tədris kabineti tələbələrin istifadəsinə verilib.
 
Bu yaxınlarda isə Stomatoloji Klinikada tədris mərkəzi açılıb. Mərkəzdəki tədris kabinetlərində stomatologiya üzrə bütün rezidentlər klinik təcrübə aparır, xəstə qəbul edirlər. Son 5 il ərzində klinikanın nəzdində stomatologiya elminin müxtəlif sahələrini əhatə edən 72 elmi-tədqiqat işi aparılıb.

Google+ WhatsApp ok.ru