Azərbaycanda daha bir səs-küylü həbs

Strateji Araşdırmalar Mərkəzi rəhbərinin qardaşı “Bandotdel”ə aparılıb. Maide.az-ın "virtualaz"a istinadən verdiyi məlumata görə, Fərid Məmmədov dünən - mayın 22-də həbs edilib.
 
"Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov vurulmuş məmurlardan olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşıdır. Yada salaq ki, Azərbaycandakı nurçular sektasının başçısı Elnur Aslanovun yaxın adamlarından sayılan Fərhad Məmmədovun adı bundan əvvəl siyasi qalmaqalda hallanıb. Həmin qalmaqal nurçuların siyasi hakimiyyətə təzyiqi məsələsi ətrafında yaranmışdı.
 
Fərid Məmmədov “Bandotdel” əməkdaşları tərəfindən saxlanıb.
 
Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.
 
Mənbənin sözlərinə görə, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib. Amma bu barədə R.Ağayev apa-ya açıqlamasında xəbər təkzib edib.
 
Rauf Ağayev  açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Bu xəbərin heç bir əsası yoxdur. Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar. Hazırda məzuniyyətdəyəm, Bakıdayam”.
 
R. Ağayev “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədovun tutulması barədə isə məlumata malik olmadığını qeyd edib.    

Google+ WhatsApp ok.ru