Vicdan məhbusları Avropa Məhkəməsinə hazırlaşır

Həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyevin səhhətində yaranan problemlər barədə xəbər vermişdik. Hüquq müdafiəçisinin ailəsi yarım aydan çoxdur ki, onunla görüşə bilmir. Buna səbəb İ.Əliyevin ayaq üstə dayana bilməməsidir.

 
İntiqam Əliyevin qızı Nərmin Kamilsoy sosial şəbəkələrdə atasının son durumu ilə bağlı həyəcanlı status paylaşıb: “Atam zəng eləmişdi. Belində problemlər yarandığına, ayaq üstə durmağa çətinlik çəkdiyinə görə, bu həftə də görüşə gedə bilməyəcəyik. Artıq iki həftədən çoxdur ki, görüşə bilmirik. Vəkillər uzun müddətdən sonra görüşə gediblər. Görüş çox qısa olub. Çünki atam çox ayaq üstə dayana bilmir.  
 
Müalicə kamera şəraitində, hər hansı bir müayinə olmadan aparılır. Ombudsman Aparatının nümayəndələri baş çəkiblər. Həmişə olduğu kimi, yenə də saytlarında yazıblar ki, heç bir problem yoxdur, hər şey yaxşıdır. Atam ciddi nəzarət altındadır. Məktublar əlindən alınır. Atam yanğında ölənlərə görə çox pis olub. Rəhmətə gedənlərin yaxınlarına başsağlığı verdi. Dəstəyini bildirən, məktub yazan hər kəsə təşəkkürünü bildirdi və onları çox sevdiyini söylədi”.
 
Müsavat başqanının müavini Tofiq Yaqublu mayın 23-də ailəsi ilə görüşüb. Başqan müavininin qızı Nigar Yaqublu müsavat.com-a görüş barədə danışdı: “Günləri Nərgizi düşünməklə keçir. Nərgizsiz çox ağır və dözülməzdir. Həbsxana yolları tozludur. Məhbuslar hər gün bu tozu udurlar. Bu isə real xəstəlik mənbəyidir. Guya yol düzəldilir. Toz burulğanının içindən keçirik”.
 
Hüquq müdafiəçisi Leyla Yunusun vəkili Elçin Qəmbərov mayın 21-də onunla görüşüb. Vəkil L.Yunusla bağlı problemlərin davam etdiyini söylədi: “Hər şey artıq təkrarçılıqdır. Çünki dəyişən heç nə yoxdur. Səhhəti yaxşı deyil. İstintaq da əvvəlki kimidir”.
 
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vəkili Fariz Namazlı hüquq müdafiəçisinin hökmündən verdikləri apelyasiya şikayətinin vaxtını gözlədiklərini qeyd etdi: “Keçən həftə onunla görüşdüm. Elə bir sözü olmadı. Şikayətimizi vermişik. Ədalətli qərar çıxacağına ümid edir”.
 
Vəkil həbsdəki araşdırmaçı jurnalist Xədicə İsmayılla da görüşüb: “Vəziyyəti normaldır. Həbs müddətini artırdılar. Apelyasiya şikayətimiz də oldu və bitdi. Barəsində seçilmiş həbslə bağlı yaxın günlərdə Avropa Məhkəməsinə şikayət göndərəcəyik. Saxlanma şəraiti ilə bağlı bir şikayəti yoxdur. Sadəcə ona xaricdən və ölkəmizdən çoxlu sayda məktublar göndərilir. Həmin məktublar çatdırılmır. Təcridxana rəhbərliyi tərəfindən verilmir. Yalnız bir nəfərin məktubu verilir.  Bayraqdarın məsələsi ilə bağlı apelyasiya qərarından kassasiya şikayəti vermişik. Prosesin istintaq yolu ilə aparılmasını istəmişik. Ali Məhkəmə də proses hələ təyin olunmayıb”.
 
Fariz Namazlı hazırda 13 saylı cəzaçəkmə müəssisəsində həbsxana həyatı yaşayan vicdan məhbusları Anar Məmmədli və Əbdül Əbilovla da görüşdüyü bildirdi: “Anar bəyin işindən Ali Məhkəməyə müraciət edilib. Eyni zamanda, Əbdül Əbilovun işindən də yaxın zamanlarda Avropa Məhkəməsinə müraciət edəcəyik. Əbdül ola bilər ki, əfvə düşsün. Doğrudur, Anar Məmmədli əfvlə bağlı müraciət etməyib. Ona görə də, ona ümid yoxdur. Çünki Azərbaycanda adətən, müraciət yazanları əfv edirlər. 13 saylı cəzaçəkmə müəssisəsində qəzetlərlə bağlı ciddi problem var”.

Google+ WhatsApp ok.ru