`Azərbaycan hökuməti vicdan məhbuslarını azad etməlidir`

ABŞ-dan daha bir çağırış: `Bu cəsarətli fəallar mükafatlandırılmalıydı, saxta ittihamlarla həbsdə oturmamalıydı`

ABŞ-ın beynəlxalq din azadlığı üzrə ali komissiyası (USCIRF) Azərbaycanda din azadlığı və insan hüquqlarının pozulmasını pisləyib. ABŞ Konqresinin dünyada dini azadlıqlara nəzarət məqsədilə yaratdığı komissiyanın bəyanatında deyilir:
 
“Bu pozuntular hüquq müdafiəçiləri, dini  qrupların üzvləri və vətəndaş cəmiyyəti fəallarına qarşı həbslər, saxlanmalar və sərt hökmlərdə özünü göstərir...
Azərbaycan hökuməti görkəmli vicdan məhbuslarını, “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılovanı, hüquq müdafiəçiləri Leyla və Arif Yunusları həbsdə saxlamaqda davam edir. Dini azadlığı, insan haqlarını dəstəkləyən bu cəsarətli fəallar mükafatlandırılmalıydı, saxta ittihamlarla həbsdə oturmamalıydı. Bu, ancaq aysberqin görünən tərəfidir. Belə ki, Azərbaycan  türmələrində 100-dən çox məhbus əziyyət  çəkir”.
 
USCIRF missiyası bu yaxınlarda Azərbaycana səfər edib. Məqsəd bu həbslərlə bağlı narahatlığı diqqətə çatdırmaq olub. Bakıda rəsmi şəxslərlə görüş zamanı USCIRF nümayəndə heyəti ölkədə dini azadlıqların pozulması ilə bağlı narahatlığını bildirib.
 
“Azərbaycan hökuməti bu və digər vicdan məhbuslarını azad etməlidir. İlahiyyatçı Taleh Bağırovun gec də olsa, həbsdən azad edilməsi düzgün istiqamətdə atılmış addımdır. Lakin hökumət dini azadlıqlar və insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirmək üçün daha çox iş görməlidir. Azərbaycandakı güclü dini dözümlülük ənənəsinin praktikada da öz əksini tapması çox vacibdir”, - deyə bəyanatda bildirilir.

Google+ WhatsApp ok.ru