`Bu terrordur, repressiyadır`

«AMAY» Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev və daha 5 nəfərin fevraldan davam edən məhkəməsi yekunlaşmaq üzrədir. Avqustun 25-də təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.

Maide.az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, vəkillərin hamısı təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olduğunu, iş üzrə ibtidai istintaqın qərəzli aparıldığını bildirərək, məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.
 
Abdulla Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, Sahibkarlığa Milli Kömək Fondunun ayırdığı kreditin AMAY-ın binasının təmirinə sərf olunacağını fond rəhbərliyi də bilib: «Bu obyekt dövlət başçısının diqqətində olub, açılışında şəxsən özü iştirak edib. Abdulla Abdullayev də çıxışında dedi ki, açılışı Heydər Əliyevin ad gününə qədər çatdırmaq üçün vəsaitə ehtiyac olub. Ona bildirilib ki, Sahibkarlığa Milli Kömək Fondunun vasitəsilə bunun üçün maliyyə vəsaiti ayrılacaq».
 
Vəkilin sözlərinə görə, bir şirkətin adına böyük məbləğdə kredit verilməsi mümkün olmadığı üçün Abdulla Abdullayevə bir neçə firma yaradıb, krediti onların adına götürmək təklif olunub və belə də edilib.
 
Vəkil bildirib ki, Fonddan götürülmüş 3 milyon 918 minlik kreditin ödənişi çoxdan başa çatıb: «İki il əvvəl ödənilmiş borcla bağlı ittiham verib adamı həbs etmək ağlasığmazdır. Bu, həm qanun, həm də təcrübə baxımından hüquqda nonsensdir. İttihamı irəli sürmək asandır, onu sübut eləmək lazımdır. Onu da deyə bilərsiniz ki, Abdulla Abdullayev Mozambikdə inqilab eləyib gəlib. Axı bunları sübut etmək lazımdır». Abdulla Abdullayevsə yerindən əlavə edib: «Bu terrordur, repressiyadır».

Google+ WhatsApp ok.ru