Azərbaycanda daxili orqanı dəyişdirilən 3 nəfər ölüb

"2015-ci ilin 10 ayı ərzində Mərkəzi Neftçilər Xəstəxanasında 76 böyrək, 14 qaraciyər köçürülməsi həyata keçirilib".
 
Maide.az xəbər verir ki, bu haqda modern.az saytına xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.
 
Şöbə müdiri orqan transplantasiyası edilən xəstələrin yaşı ilə bağlı statistikanı da açıqlayıb:
 
"Böyrək köçürülən xəstələr 6-59 yaş aralığında olub. Qaraciyər köçürülən xəstələrin ən kiçiyi 14, ən böyüyü 62 yaşındadır".
 
Transplantasiya qiymətlərinə gəlincə, həkim qeyd edib ki, xəstəxananın rəsmi qiymətinə uyğun olaraq böyrək əməliyyatı 12 min, qaraciyər əməliyyatı isə 45 min manata həyata keçirilir: 
 
"Manatın dollara olan məzənnəsini nəzərə almadan qiymət artımına getməmişik. Səhiyyə Nazirliyinin böyrək xəstələri ilə bağlı xüsusi proqramı var. Bu proqrama uyğun olaraq böyrək xəstələrinin 45 faizi, bütün məsrəflər dövlət tərəfindən qarşılanmaq şərti ilə təmənnasız əməliyyat olunublar.
 
Yəqin ki, yaxın gələcəkdə qaraciyər köçürülməsi ilə də bağlı belə proqram olacaq".
 
M.Kazımi hər bir əməliyyatın fəsadlaşma riskinin olduğunu qeyd edib:
 
"Dünya prakstikasında belədir ki, hər bir əməliyyatın fəsad faizi var və ölüm nəticəsi ola bilər. Bu il ərzində qaraciyər köçürülən 2 nəfər, böyrək köçürülən bir nəfər dünyasını dəyişib. Xəstələr əməliyyat əsnasında deyil, əməliyyatdan sonrakı mərhələdə ölüb".

Google+ WhatsApp ok.ru