Azərbaycan talon sisteminə keçə bilərmi?

Rusiya aztəminatlı ailələrə bu metodu tətbiq edəcək

İqtisadi böhran yaxın qonşumuz olan Rusiyada hökuməti çətin vəziyyətə salıb. Rusiyanın Ticarət Nazirliyi əhaliyə ünvanlı ərzaq yardımının göstərilməsi üçün xüsusi sxem hazırlayıb. Iqtisadi böhran nəticəsində ölkədə ərzaq məhsullarını almaqda ciddi çətinlik çəkən çoxlu vətəndaş olduğundan, aztəminatlı vətəndaşlara elektron kartlar veriləcək.
 
Nazir müavini Viktor Yevtuxov “Reuters”ə açıqlamasında bildirib ki, yardım həm ticarət müəssisələrindən kart vasitəsilə, həm də ictimai iaşə müəssisələrində güzəştli, yaxud pulsuz yemək verməklə həyata keçiriləcək.
 
Həm məsafə yaxınlığı baxımından, həm də istənilən sosial, iqtisadi, siyasi məsələlərdə ölkəmiz Rusiyanı daim təkrar edib. O da sirr deyil ki, Azərbaycanda da əhalinin böyük əksəriyyətinin bahalı ərzaq almağa imkanı yoxdur. Üstəlik, yanvar ayında idxalın 70 faiz azalması ərzaq qıtlığına rəvac verib. Marketlərin vitrinlərində ərzaq kasadlığı hiss olunur. Belə bir vəziyyətdə Rusiyada olduğu kimi, bizdə də ərzaq talonlarına keçilə bilərmi?
 
İqtisadçı-ekspert Oqtay Haqverdiyev "Azadlıq"a deyib ki, Rusiyada pul  qıtlığı səbəbindən vətəndaşların ünvanlı sosial yardımları kart sistemilə əvəzlənib. Yəni sosial yardımların ünvanlı olmasına çalışan hökumət, vətəndaşın pulu konkret şəkildə  ərzağa xərcləməsi üçün talon sistemi tətbiq edir: “Kartların dəqiq hansı ərzaq növünə aid ediləcəyi bildirilməsə də, yəqin 575 adda məhsul müəyyənləşdirəcəklər. Bizdə isə talon sisteminə keçilməsinə hələlik ciddi əsas yoxdur. Hər halda, Azərbaycan hələ Rusiyadakı kimi acınacaqlı vəziyyətə gəlib çatmayıb”.

Google+ WhatsApp ok.ru