Azərbaycanda borcu belə versəniz pulunuz batmaz – 7 QAYDA

Azərbaycanda banklarla müştərilər arasında yox, sadə vətəndaşlar arasında borc mübahisələri artır. Borcların geri alınması ilə məşğul olan kollektor şirkətlərində bildirirlər ki, banklardakından fərqli olaraq, adi vətəndaşlar arasında borc münasibətləri sənədləşdirilmədiyindən həmin borclarla bağlı problemlər daha ciddi olur.
Pulu sənədlə verməyə «üzü gəlmir» 
 
«Azcoll» hüquq şirkətinin direktoru Pərviz Məmmədov fins.az-a bildirib ki, ötən ilin sonlarında rəhbərlik etdiyi şirkətə borc məsələsi ilə bağlı hər ay 2-3 müraciət edilirdisə, hazırda bu göstərici 15-20-dir. Borc mübahisələrinin təxminən 30%-də borcun sənədsiz-sübutsuz, şahid olmadan verildiyi üzə çıxır. Bu cür vəziyyət isə borcların qaytarılmasını çətinləşdirir. İnsanlar yaxın adamlarına, qonşusuna, qohumuna pulu verirlər, amma bununla bağlı sənəd almağa, yəni borcu rəsmiləşdirməyə utanırlar. Dəfələrlə müraciətlər olur, amma maraqlananda məlum olur ki, əslində pul verilib, amma sənədləşdirilmədiyinə görə, qarşı tərəf  borcu inkar edir və qaytarmaqdan imtina edir.
 
1. Borcu şahidlərin yanında verin 
Borcun sonradan danılmaması üçün ən qədim üsullardan biri onu şahidlərin iştirakı ilə verməkdir. Sonradan hər hansı problem çıxarsa, bu şəxslər lazım olan yerdə, o cümlədən məhkəmədə şahid qismində çıxış edib borcun verildiyini və məbləğini təsdiqləyə bilərlər. Ekspertlər deyir ki, şahidlər azı iki nəfər olmalıdır: «1 nəfər şahidin olması problem yarada bilər. Çünki həmin şəxs öyrədilmiş də ola bilər. Ona görə də azı 2 nəfərin sözü ilə hansısa qənaətə gəlmək mümkündür».
«Azcoll» rəhbəri deyir ki, borcun problemsiz qaytarılması üçün şahidlər kənar, neytral adamlar olmalıdır: «Əgər şahid ailə üzvü və yaxud qohumdursa, sabah məhkəmədə hakim ona inanmaya da bilər. Çünki yaxın adam düzgün ifadə verməyə də bilər. Kənar adamların cavabları isə həlledicidir».
Amma şahidlərin olması borcun qaytarılmasına 100%-lik zəmanət vermir. Qarşı tərəf yazılı sübut gətirsə, məhkəmə şahid ifadələrini qəbul etməyə bilər: «Tutaq ki, şahidlər deyir ki, aprelin 15-də, Bakının filan yerində bu adama borc verilib. Amma borcu alan adam yazılı sənəd (məsələn, ezamiyyə vərəqəsi və s.) təqdim edə bilər ki, həmin vaxt mən ümumiyyətlə paytaxtda olmamışam. Yəni, borc verdiyini iddia edən adamın şahidlərinin olması hələ o demək deyil ki, kimdənsə pul ala biləcək». 
 
2. Borcu sənədlə verin
Əksəriyyətimizin pul üçün bizə müraciət edən şəxslərdən yazılı sənəd istəməyə üzümüz gəlməz, amma biznesin qaydaları belədir – sonradan problemə düşməmək üçün işini əvvəldən möhkəm tutmalısan. Həm də qarşı tərəf pulu qaytaracaqsa, sənəd verməklə bağlı niyə problem olsun ki?! Hüquqşünaslar da məsləhət görür ki, borcu alan şəxs imzalı sənəd verməklə bunu təsdiqləsin. Sənəddə borcun məbləği, hansı şərtlə və nə vaxt qaytarıacağı, göstərilməli, tarix, yer və imza qoyulmalıdır. Bu sənədi notariusa getmədən də elə evdə tərtib etmək olar. Sonradan borcuq qaytarılmasında problem olsa, bu sənəd məhkəmədə əsaslı sübut kimi qəbul edilir.
 
3. Borcu notariusun iştirakı ilə verin 
Pərviz Məmmədov deyir ki, başqasına borc verənlər bunun hüquqi və maddi təminatı barədə ciddi düşünməlidirlər: «Yaxşı olar ki, borc verənlər ilk növbədə bu məsələni notariat kontorunda rəsmiləşdirsinlər. Yəni, ortalıqda borcun verilməsi ilə bağlı müqavilə olsun və onu notarius öz imzası ilə təsdiq etsin». Doğrudur, indi bəzi şəxslər borc pul verərkən qarşı tərəfdən pul alındığı barədə yazılı sənəd alırlar. Amma mütəxəssis bildirir ki, notariusdan kənarda bağlanan müqavilə problem yarada bilər: «Məsələn, borcalan deyə bilər ki, müqavilədəki mənim imzam deyil və yaxud məni o imzanı atmağa məcbur ediblər».
Borc müqaviləsinin notariat kontorunda imzalanması borcverənə digər üstünlük də verir. Belə ki, ortada notariusun təsdiqlədiyi borc müqaviləsi olanda borcun sahibinin məhkəməyə müraciət etməsinə ehtiyac qalmır: «Əgər borc müqaviləsi notariusda rəsmiləşibsə, həmin notariusda bunun icra qeydi olur. Həmin icra qeydini alıb sadəcə icra məmuruna vermək lazımdır və bu yolla borcu tələb etmək mümkündür». 
 
4.  Girov tələb edin
Amma bəzən notariusda borc müqaviləsinin bağlanması da borcun qaytarılmaaına zəmanət olmur. Məsələ bundadır ki, borclu olan şəxs borcu olduğunu təsdiqləsə də, imkanı olmadığından onu qaytarmayacağını bildirir. Belə halın yaranmaması üçün mütəxəssislər məsləhət görür ki, borc müqaviləsi bağlananda qarşı tərəfdən girov tələb olunsun. Banklar üçün bu adi hal olsa da, sadə vətəndaşların bir-birindən borc müqabilində girov tələb etməsi qəribə görünə bilər. Amma borclarla bağlı vəziyyət elə həddə çatıb ki, belə ehtiyat tədbiri artıq deyil. Pərviz Məmmədovun sözlərinə görə, girov məsələsi bankda olduğu kimi ayrıca müqavilə ilə rəsmiləşdirilə və yaxud borc müqaviləsinə əlavə edilə bilər. Borcun qaytarılması üçün girov qismində isə, daşınmaz əmlakla yanaşı, avtomobil, məişət malları, qızıl-zinyət əşyaları, hətta bank əmanəti çıxış edə bilər. Amma bu məsələdə diqqət yetirilməli məqamlar var: «Ev, avtomobil və əmanətin girov qoyulması digər əşyaların girovluğundan fərqlənir. Daşınmaz əmlak və nəqliyyat vasitəsini girov qoyan adam onu heç cür sata bilməz. Çünki üzərinə yüklülük qoyulur. Girov əmanəti də bankdan götürmək mümkün deyil. Amma məişət mallarında (məsələn, televizor, kompüter və s.) və qızıl-zinyət əşyalarında elə bir asılılıq yoxdur. Yəni əşyaların sahibi hətta girovda olsa da bu əşyaları sata bilər. Ona görə də, borc verən şəxs işini ehtiyatlı tutmaq üçün tələb edə bilər ki, həmin əşyalar borc qaytarılana qədər onda və ya 3-cü şəxsin anbarında saxlanılsın. Bu məsələ təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Yəni, borcverən malı hansı vəziyyətdə alıbsa o cür də qaytarmalıdır» – düyə hüquqşünas bildirir.
 
5. Zamin tələb edin
Borcun qaytarılmasına arxayın olmaq üçün daha bir üsul digər bir şəxsin borc alana zamin olmasıdır. Mütəxəssislər bildirir ki, zamin müqaviləsi notariusda ayrıca bağlana və ya elə borc müqaviləsinə əlavə edilə bilər. P.Məmmədovun sözlərinə görə, borc verən tərəf burada da – zaminlə bağlı öz tələblərini qoya bilər. Yəni borcu verən şəxs qarşı tərəfin ona təqdim etdiyi zaminlə razılaşmaya bilər və işin etibarlı olması üçün daha yaxşı zamin tələb edə bilər.
Əvvəla zamin olan şəxs borc alanın yaxın adamı – ailə üzvü və ya dostu olmamalıdır. Çünki belə halda o aralarındakı münasibətə görə, borcalana qarşı tələbkar olmayacaq, ondan pulu qaytarmağı tələb edə bilməyəcək: «Kənar şəxsin zamin durması daha yaxşıdır ki, o boru götürənə qarşı tələbkar olacaq və vaxtı keçəndə ondan pulu qaytarmağı tələb edəcək».
Bundan başqa, mütəxəssislərin sözlərinə görə, zaminlər də ödəniş qabiliyətli olmalıdırlar ki, borculan pulu qaytarmadığı təqdirdə, borcu qaytara bilsin. Belə ki, zaminin adına ev, maşının olması, zaminin iş yerinin, aylıq gəlirinin olması yaxşı haldır. Hər ehtimala qarşı mütəxəsislər məsləhət görürlər ki, borc verən tərəf zamindən Mərkəzləşdirilmiş Kredit Reyestrindən arayış gətirməyi də tələb etsin: «Bu üsulla bilinəcək ki, zaminin özünün krediti var və ya o kreditlərini nə qədər səliqə ilə ödəyir».
 
6.  Girov yalnız məhkəmə ilə müsadirə edilir
Azərbaycan qanunvericiliyinə görə, borc alıb-vermək mülki məsələ sayılır və borcu qaytarmadığına görə kiminsə əmlakını ələ keçirmək istəyənlər bunun üçün yalnız məhkəməyə müraciət etməlidir: «Yalnız məhkəmə qərar verə bilər ki, girov qoyulmuş əmlak müsadirə edilərək, hərrac yolu ilə satılsın və borcverənin pulu qaytarılsın». 
Vətəndaş həmçinin borcu qaytarmaq üçün çəkdiyi xərcləri də məhkəmə yolu ilə tələb edə bilər. Bunlar hərracın keçirilməsinə, vəkil tutmağa, girov əmlakı qiymətləndirməyə, icraya çəkilən xərclərdir. Həmçinin borcun vaxtında qaytarılmamasına görə mümkün itkilər ola bilər ki, bunu da məhkəmə yolu ilə almaq olar. Borcverən deyə bilər ki, pulu vaxtında versəydin, məsələn, mən onu banka qoyub faiz alacaqdım”. 
 
7. Borcalanın pulu qaytarmağa imkanı olmaya bilər 
Borc alarkən heç bir əmlakını girov qoymayanlar isə pulu ödəmədikdə buna imkanlarının olmadığnı sübut etməlidir: «Həm borcalan, həm onunb zamini icra məmurunu inadırmalıdır ki, doğrudan da borcu ödəməyə imkanları yoxdur. Bu halda icra qərarı məhkəməyə qaytarılır. Borcalan bir qədər gözləməlidir. Əgər görsə ki, borc verdiyi adamın və yaxud onun zamininin maddi durumu yaxşılaşıb, məsələn, ev, maşın alıb, o halda borcun qaytarılması məsələsini yenidən gündəmə gətirə bilər. İş yenidən icra məmuruna verilməlidir. Əgər qəsdən borc qaytarılmazsa, bu zaman borcalan və zaminin həbsə belə girməsi mümkündür». (fins.az)

Google+ WhatsApp ok.ru