Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilmədi

Keçmiş vicdan məhbusu, prezidentin sonuncu əfv sərəncamı ilə azadlığa çıxan Bəşir Süleymanlıya ölkədən çıxmağa icazə verilməyib. Bu barədə Bəşir Süleymanlı özü məlumat verib.
 
Maide.az xəbər verir ki, onun dediyinə görə, Gürcüstandakı qohumları ilə görüşmək üçün adıçəkilən ölkəyə getmək istəyib. Lakin Qazax-Sınıq Körpü Gömrük postunda onu saxlayıblar və bildiriblər ki, Baş Prokurorluqdan onun ölkədən çıxmasına qadağa qoyulub.
 
Bəşir Süleymanlı əfv olunduğunu desə də, heç bir nəticəsi olmayıb: “Onlara bildirdim ki, istintaq gedən vaxtda ölkədən çıxışıma qadağa qoyulmuşdu. Onlara dedim ki, prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışam. Amma nəticəsi olmadı və məni Gürcüstana getməyə qoymadılar”, - deyə Süleymanlı qeyd edib.
 
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədr müavini Bəşir Süleymanlı ötən ilin may ayının 26-da  Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.2 (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (vergidən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilmişdi.  
 
Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı ilə Bəşir Süleymanlı martın 19-da azadlığa çıxıb.

Google+ WhatsApp ok.ru