Bakı Kompüter Kollecinin rüşvət almaqda təqsirləndirilən şöbə müdirinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Kompüter Kollecinin rüşvət almaqda təqsirləndirilən Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Səfərov 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Baş Prokurorluğun yaydığı  məlumata görə, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Kollecin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ə.Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri zamanı Ə.Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Google+ WhatsApp ok.ru