Banditizimdə, polis əməkdaşlarına silahlı basqında təqsirləndirilən radikal dini cərəyan üzvlərinin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarına silahlı basqın etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Radif Ağamuradov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib: “Silah saxlamaqda və oğurluqda özümü təqsirli bilirəm. Lakin adam öldürməkdə təqsirli deyiləm”. Daha sonra R. Ağamuradov dövlət ittihamçısı Ramazan Hadıyevin suallarını cavablandırıb. R.Ağamuradov bizneslə məşğul olmağa pis baxmadığını da ifadə edib. O, həmçinin Dağıstanda tanıdığı şəxslərin olduğunu və oraya gedib-gəldiyini də bildirib: “Silah saxlamağa həvəsim var. Mənim “Makarov” tipli tapançam olub. Onu Dağıstanda alıb, vaqonda gizlədib Azərbaycana gətirib, meşədə gizlətmişdim” .
R. Ağamuradov silahlı qrup yaratmaqdan, polislərlə silahlı atışmadan xəbəri olmadığını, valyutadəyişmə məntəqəsindən isə 6 min manat oğurladıqlarını deyib.
Proses noyabrın 13-də davam etdiriləcək.
İstintaq zamanı məlum olub ki, R. Ağamuradov Qusarda vəhhabi təriqətinə aid olan şəxslərdən “Ömər” ləqəbli Faiq Şahmuradov, “Əbu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov və digərləri ilə mütəşəkkil dəstə yaradıblar. Onlar İslam dininin bəzi qaydalarını qəsdən yalnış ifadə edərək, valyutadəyişmə məntəqələrində və digər biznes sahələrində işləməyin və gəlir götürməyin haram olduğunu bildiriblər. Belə fəaliyyətlə məşğul olan şəxslərə basqın edib külli miqdarda pul əldə etmək qərarına gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Dağıstandan istintaqa məlum olmayan mənbədən silah-sursat alaraq Azərbaycana gətiriblər. Həmin silahla silahlanaraq oktyabrın 16-da Sadir Mustafayev adlı şəxsə hücum edib, ondan külli miqdarda pul götürüblər. Həmin cinayət işi ilə əlaqədar Edik Rüstəmov polislər tərəfindən saxlanılıb. O, oğurladıqları pulu qaytarmaq adı ilə polis əməkdaşlarını aldadaraq meşəyə gətirib. Orada polis əməkdaşları ilə dəstə üzvləri arasında atışma baş verib. Həmin atışmada Qalib Quliyev adlı polis əməkdaşını öldürüblər. Mövlud Əliyev, Cəmil Nəsirov, Məhəmməd İbrahimov adlı polis əməkdaşlarına isə ağır bədən xəsarətləri yetiriblər. Həmin atışma zamanı dəstə üzvlərindən Edik Rüstəmov, Faiq Şahmuradov və Ramiz Rəhimxanov öldürülüb. Digərləri isə həbs edilib.
İstintaq zamanı ifadə verən təqsirləndirilən şəxs Elxan İsrafilov  digər təqsirləndirilən şəxs Murad İsayevlə birlikdə Suriyaya döyüşə getdiklərini də bildirib: “Orada “İstihşad” adlı qrupa yazılmışdıq. Kamikadzelik və digər döyüş təlimlərini öyrənirdik. Oraya din qardaşlarımıza kömək etmək üçün getmişdik. Getməzdən əvvəl internet saytlarından birində Mahaçqalada yaşayan İbrahim adlı şəxslə internet vasitəsi ilə danışırdıq. O, Suriyaya getmək üçün bizə kömək edəcəyini bildirmişdi. Onunla görüşüb, Türkiyəyə, oradan isə Suriyaya getmişdik. Lakin 2013-cü ilin sentyabr ayında Muradın anası xəstə olduğu üçün Azərbaycana qayıtmağa qərar verdik. Qusara qayıtdıqdan sonra din qardaşlarımızla pis münasibətdə olan polis əməkdaşı Firudinin maşınına bomba qoymaq barədə plan qurdum. Mən bombanı onun maşının altına bağlamaq istəyirdim. Sonradan fikrimi dəyişdim. Bombanı bədənimə bağlayıb, onun yanına gedib partladacaqdım. Bu fikirlərimi digər din qardaşlarımla da bölüşmüşdüm. Onlar da fikrimi bəyənmişdilər. Firudinin öldürülməsini istəyirdilər. Bu məqsədlə partlayıcı qurğu hazırlayırdıq. Onu rayonda 20 Yanvar günü ilə bağlı keçirilən tədbirdə partladıb Firudini və digər kafirləri öldürəcəydik”.
İstintaq materiallarına əsasən, həmin planın üstü polis əməkdaşları tərəfindən açıldığından onlar partlayışı həyata keçirə bilməyiblər.
Qeyd edək ki, dəstə üzvləri - Radif Ağamuradov, Cavad Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elnur Musayev, Bağır Ağayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevdir.  Onlardan “Makarov” və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb. 
Onlar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri, 177-ci (oğurluq) maddəsinin müxtəlif bəndləri, 29, 120-ci (qəsdən adam öldürməyə) cəhd maddəsinin müxtəlif bəndləri, 228-ci (qanunsuz olaraq odlu silah saxlama), 217-ci (banditizim) maddəsinə və digər maddələrə əsasən ittiham olunurlar.

Google+ WhatsApp ok.ru