«Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz...»

«Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz...» Maide.az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, bu sözləri «A.M.A.Y.» Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev fevralın 19-da keçirilən məhkəmədə belə deyib.
 
O, hakimiyyətə ünvanladığı mesajlarla diqqət çəkib:
 
«Mən vətəndaşam, hüquqlarım var, o cümlədən də danışmaq hüququm. Məni başqaları ilə qarışdırmayın. Heç «yuxarılarla» da müqayisə etməyin. Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz. Mən Avropa Məhkəməsində də olsa, bəraət alacağam. Bunu hər kəs bilir ki, istəsəm, günü bu gün işimi Avropa səviyyəsinə çıxararam. Amma hələlik Azərbaycan dövlətçiliyinə hörmətlə yanaşıram. Sabah eləyəndə, heç kim deməsin ki, niyə belə elədin. Elə eləyin ki, sabah peşmançılıq çəkməyəsiniz. Prezidentdən tutmuş, hüquq-mühafizə orqanlarına qədər ən müxtəlif dövlət orqanlarına ünvanladığım müraciətlərdən arxiv düzəltmişəm. 25 il əziyyət çək, xidmət elə, axırda da adını dələduz qoysunlar... Kömək eləmişəm, ev tikilib, camaata evləri verilib. Prokurorluq üzündən beş il tikintini təhvil verə bilmədik. İndi həmin o prokurorluq mənə dələduzluq ittihamı verib. Deyin görək, mənim cinayətimin sübutu haradadır?»
 
Dünən məhkəmədə elan edilən ittiham aktına görə, Abdulla Abdullayev «Xudafərin» MMC-nin tikdiyi 262 mənzilli və 3146 kv. metr qeyri-yaşayış sahəsi olan bina üçün aldığı təxminən 12 milyon manata yaxın vəsaitin 3 milyon 505 min 762 manatını mənimsəyib. O, eyni zamanda Sahibkarlığa Yardım Fondundan aldığı vəsaitin bir qismini mənimsəməkdə də təqsirli bilinir.

Google+ WhatsApp ok.ru