Bazar yandı, il ötdü, araşdırma aparan olmadı...

Əmlakları məhv olan 50 gədəbəyli iş adamına prokurorluğun cavabı: “Prokurorluq orqanlarında hər hansı bir araşdırma aparılmır”
Ötən il aprelin 7-də Gədəbəyin mərkəzi bazarının sənaye malları satılan hissəsi yanıb külə döndü. Bundan sonra 50-yə yaxın gədəbəyli iş adamı rayon icra hakimiyyəti binasının qarşısına yığışıb bazarın qəsdən yandırıldığını iddia etdilər. 
 
Gədəbəy sakini Ramazan Muradov bugünlərdə bizimyol.info-ya açıqlama verərək yanğın olayından 1 il ötməsinə baxmayaraq, məsələnin araşdırılmadığını deyib. Bildirib ki, bazar yanması faktı ortada ikən istintaq bu günə qədər heç nəyi üzə çıxarmayıb. “Bir rayon sakini kimi bu hal məni narahat edir. İstəyirəm aydınlaşsın ki, bazar niyə yanıb və bu əməli kimlər törədib. Mənə maraqlıdır niyə cinayətkarlar cəzalandırılmır? Elə yalandan yazırlar ki, camaata dəyən zərər ödənib və s. Halbuki bu günə qədər insanlar əziyyət çəkirlər. Həmin bazarın yanmasından çoxları mallarını, pullarını itirdilər. İndi də hamı əli-qolu dinc çəkilib kənara. Bəs nəticə? Niyə kimsə cəzalandırılmadı, niyə insanlar razı salınmadı? Belə olan halda hərə bir kibrit götürüb düşəcək bazarın canına. Onsuz da iş ört-basdır edilir. Araşdırılmır. Ya da cinayət işi araşdırılmır deyə kimin kimdən xoşu gəlmir vurub evini, malını yandırmalıdır?” - deyə R.Muradov sual edib.
 
Rayon sakininin sualını Baş Prokurorluğun mətbuat xidmətinə ünvanladıq. Xidmət rəhbəri Eldar Sultanov “Yeni Müsavat”a deyib ki, Gədəbəy rayon mərkəzi bazarında baş vermiş yanğın hadisəsi ilə bağlı prokurorluq orqanlarında hər hansı bir araşdırma aparılmır. E.Sultanov müvafiq araşdırmanın aparılmasını Fövqəladə Hallar Nazirliyinin təmin etməli olduğunu da vurğulayıb.
 
R.Muradov isə bildirib ki, 1 il əvvəl Gədəbəy Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev yanğınla bağlı rayon icra hakimiyyətində xüsusi komissiya yaradıldığını və satıcılara dəyən ziyanın araşdırıldığını açıqlayıb.
 
Nəticə isə bundan ibarətdir ki, bu gün Gədəbəydə 50 sahibkar çalışdıqları bazarın yanmasından dolayı çıxılmaz duruma düşüb. Bazarın yandırılması iddiasını araşdıran isə faktiki yoxdur.  

Google+ WhatsApp ok.ru