BMT eksperti: Azərbaycanda insan haqları fəalları azad edilsin

BMT-nin Xüsusi Məruzəçisi Michel Forst “Azərbaycanda tanınmış insan haqları fəallarının amansız təqib və repressiyaya məruz qalmasını” tənqid edib

BMT-nin Xüsusi Məruzəçisi Michel Forst “Azərbaycanda tanınmış insan haqları fəallarının amansız təqib və repressiyaya məruz qalmasını” tənqid edib. Məruzəçi iyunun 2-də ilk Avropa Oyunlarının açılış mərasimindən öncə həmin şəxslərin buraxılmasına çağırıb.
 
Müstəqil ekspert deyib:
 
“Bakı Oyunlarına tam hazırlığın getdiyi bir vaxtda Azərbaycan hakimiyyəti insan haqları fəallarına təqibi, həbsi və nəzarəti gücləndirib, onlara səyahət qadağası qoyub və bank hesablarını dondurub”.
 
OLİMPİYA RUHUNA SADİQLİK
 
Cənab Forst qeyd edib ki, bu “əsassız kriminallaşdırma” dövlətə xəyanət, qanunsuz sahibkarlıq, vergidən yayınma, səlahiyyətdən sui-istifadə kimi siyasi ittihamlarla əsaslandırılıb. “Nəticədə bir çox azərbaycanlı hüquq müdafiəçiləri uzadılmış həbs qətimkan tədbirləri, həbs və ya sürgünə məruz qalıb,” o, deyib.
 
BMT eksperti hüquq müdafiəçiləri İntiqam Əliyev, Anar Məmmədli, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, jurnalist Xədicə İsmayılın işlərinə diqqət çəkir.
 
Cənab Forst “ölkədə fundamental ifadə və birləşmə azadlıqlarının boğulması, demokratik məkanın getdikcə daralmasından” dərin təəssüfünü bildirib. O, hökuməti çağırıb ki, insan haqlarını irəlilədən və qoruyanları təqib etməsin, onlara şərait yaratsın.
 
BMT-nin insan haqları eksperti vurğulayır ki, Avropa Oyunları “Avropa ölkələrinə bir araya gəlmək və Olimpiya ruhunu qeyd etmək imkanı yaradır”. O, bildirir ki, ev sahibi Azərbaycan azadlıq və birgəlik kimi Olimpiya ideyalarına sadiq qalıb insan haqları müdafiəçilərini azad etməlidir.
 
“Azərbaycanlı fəallar azad olmalı, Bakıdakı mərasimlərə qatılmalıdırlar,” ekspert deyib.
 
BMT-NİN DİGƏR EKSPERTLƏRİ DƏ QOŞULUR
 
Cənab Forst atletləri, idman pərəstişkarlarını və Oyunların tərəfdarlarını çağırıb ki, “azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəylik göstərsinlər və onların dərhal azadlığa buraxılması çağırışlarına qoşulsunlar”.
 
BMT-nin sərbəst toplaşma və birləşmə azadlıqları üzrə Xüsusi Məruzəçisi Maina Kiai və fikir və ifadə azadlığının irəli aparılması və qorunması üzrə Xüsusi Məruzəçisi David Kaye də bu müraciətə qoşulublar.
 
Hakimiyyətdən hələlik BMT ekspertlərinin bu çağırışına reaksiya verməyib. Ancaq hökumət təmsilçiləri bir qayda olaraq, beynəlxalq hüquq-müdafiə təşkilatlarının oxşar bəyanatlarını rədd edir, bu qurumları Avropa Oyunları ərəfəsində ölkəyə qarşı qərəzli kampaniya aparmaqda ittiham edir. Hakimiyyət saxlanan fərdlərin siyasi motivlərlə deyil, konkret cinayətlərə görə həbs olunduğunu bildirir.

Google+ WhatsApp ok.ru