İbrahimbəyov niyə Leyla Yunusu müdafiə etmir?

Kinorejissor hüquq müdafiəçisinin vəsiyyətini də sükutla qarşıladı

“Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olmalıdır. Bu namizəd Milli Şuranı birləşdirir. Bu gün üçün bu, ən yaxşı və ən ağıllı qərardır. Bunun səbəbləri çoxdur: İbrahimbəyov həm ölkəsində, həm də bütün dünyada məşhurdur. İbrahimbəyova hamı - Astaradan Qubaya, Qazaxdan Salyana qədər və siyasi baxışlarından asılı olmayan hər kəs səs verəcək, çünki o, birləşdirən fiqurdur. Nəhayət, Rüstəm İbrahimbəyov qorxmayacaq və hakimiyyətin təzyiqinə tab gətirəcək bir insandır”.
 
Bu fikirlər hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa məxsusdur. Hüquq müdafiəçisi 2013-cü il prezident seçkiləri ərəfəsində çox fəal idi və R. İbrahimbəyovun Milli Şuranın vahid namizədi olmasını da müxalifət üçün böyük bir şans kimi dəyərləndirmişdi. L.Yunus onu da demişdi ki, R.İbrahimbəyovun 5 il hakimiyyətdə olmaq kimi siyasi ambisiyaları yoxdur və o, keçid dövründə mühüm rol oynaya - 2 il ərzində zəruri islahatları apara, konstitusiyaya dəyişiklik edərək, ölkəni prezident deyil, parlament respublikası edə və ədalətli parlament seçkiləri keçirə bilər. 
 
Ancaq göründüyü kimi, nəinki R.İbrahimbəyov prezident ola, islahatlar apara bildi, o, heç sənədlərini qaydasına salıb seçkilərdə vahid namizəd kimi mübarizə aparmaq şansını da əldə edə bilmədi. Üstəlik, kinorejissor o gedən getdi və Azərbaycandan ayağını bidəfəlik çəkdi. L.Yunusun cəsarətli fiqur kimi təqdim etdiyi məşhur kinorejissor barəsində cinayət işinin qaldırılması səbəbindən ölkəyə daxil olmağa çəkindi. 
 
Hazırda L. Yunus həbsxanada ağır vəziyyətdədir. Vəkilinin dediyinə görə, 12 kiloqram arıqlayan hüquq müdafiəçisi şəkər və təzyuqdən əziyyət çəkir. Üstəlik, həyat yoldaşı Arif Yunusun da xəstə vəziyyətdə həbs olunması L.Yunusun durumunu xeyli çətinə salıb. Ancaq təəccüb doğuran budur ki, vaxtilə R.İbrahimbəyova az qala Azərbaycanın şansı kimi baxan L.Yunus bu gün kinorejissordan dəstək görmür. Düzdür, sentyabrın sonlarında R.İbrahimbəyov hüquq müdafiəçisi ilə bağlı mövqeyini bildrimişdi. “Həbsxanada Leyla Yunusla haqq-hesab çəkilməsi ilə bağlı qorxunc faktlardan sarsılmışam. Ölkəmə görə xəcalət çəkirəm. Nə baş verir? Uzun tarixi inkişaf yolundan orta əsrlər yaşam tərzinə keçmişik. Hakimiyyət həyatını öz vətəndaşlarının müdafiəsinə həsr edən insanları azadlıqdan, elementar məhbus hüquqlarından məhrum edir. Leyla Yunusa qarşı zorakılıq hakimiyyətin vicdanı və yaşadığı ölkəyə görə məsuliyyət hissi olan hər kəsə qarşı düşünülmülş zorakılığıdır. Hörmətli Leyla xanımın hüquqlarını Müdafiə Komitəsinin bütün qərarlarına qoşuluram və bundan artıq bir şey edə bilmədiyimə görə çox təəssüflənirəm”-R.İbrahimbəyovun bəyanatında belə deyilirdi. Ancaq fakt budur ki, vəziyyət getdikcə kritik məcraya daxil olmaqdadır. Artıq L.Yunus çox yaşaya bilməyəcəyini deyərək anasının yanında dəfn olunmaq istədiyi barədə vəsiyyətini də yayıb. Lakin Milli Şuranın fəxri sədri, Ziyalılar Forumunun rəhbəri olan kinorejissordan reaksiya yoxdur. 
 
R.İbrahimbəyov rəhbərlik etdiyi qurumların iclaslarına virtual da olsa, qatılmır. Onun siyasətə vida etdiyi də gələn xəbərlər sırasındadır. Hərçənd Milli Şura təmsilçiləri R.İbrahimbəyovun daim qurumla əlaqə saxladığını iddia edir. Ancaq əgər davamlı əlaqələr olsaydı, L.Yunusla bağlı baş verənlərə ötəri də olsa, reaksiyanı görərdik. 
 
Sonuncu dəfə oktyabrın sonlarında mətbuata danışan R.İbrahimbəyov “Moskvada aeroportdayam, işlərimlə əlaqədar ABŞ-a gedirəm. Hazırda kinorejissor kimi öz işimlə məşğulam. Heç vaxt siyasətlə məşğul olmamışam” deməklə kifayətlənib. Biz bu yazını hazırlayarkən də kinorejissoru aradıq, lakin ona zəng çatmadı. Ancaq ABŞ-da olmaq L.Yunus, yaxud bir sıra başqalarının hüquqlarını müdafiə etməyə mane olmur. Xüsusilə də R.İbrahimbəyov kimi tanınmış persona üçün. Bu mənada onun L.Yunusun vəsiyyətini də sükutla qarşılaması təəccüblü görünür...(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru